Faiq Balabəyli - YAĞIŞLI XATİRƏLƏR

Ədəbiyyat 09:05 / 17.05.2026 Baxış sayı: 634

 

Yağış damcıları köhnə evləin

Köhnə taxtapuşun, kirəmidlərin

Soyuq divarların, çiy kərpiclərin

Yadına nələri salır, görəsən?

 

Yağış damcıları döyür aramla

Axtarır, görəsən tapırmı nəsə

Sanki ağacdələn döyür qapımı

Qulaq kəsilirəm hər gələn səsə.

 

Kəndin yollarından torpaq qoxusu

bir anda adamın canına hopur.

Suvağı tökülmüş divara baxın

yarısı şümaldır, yarısı çopur.

İllər yorğunuyam; bu kənd-kəsəyin

Ağrısı nəfəs tək içimə çökür.

Buludlar göylərdən yağan yağışla

Könlümü oxşayır, gözümü açır

Məni körpə bilir, bələyə bükür.

Tavandan daman su insan dərdini

köhnə divarlara suvaq tək yaxır.

Yetim bir uşaq da qısıb boynunu

İslanmış əyninə, ayaqlarlna

Sinsiyə-sinsiyə eləcə baxır.

Çardağın altında durub baxıram

sərçələr yuyunur gölməçələrdə

Eh, yaşım ötsədə necə yaxınam

Nağıla, noğula qarışıb bir az

Cavab axtarlram bilməcələrdə..

Suyu yoxa çıxmış köhnə quyunun

Yuxusun qaçırır bu yağan yağış.

Külək də qəfildən dayanır, əsmir

Uzadıb əlini barmaqlarıyla

Bir uşaq şüşəyə vurduqca naxış

Yenidən yaşayıb xatirələri

Yağış damlasının ardınca düşüb

Uzaq keçmişimdən dönürəm geri.