Xanım İsmayılqızı - Sevimli Qadın.
(Nəğmə)
Hərdən gözə batan şüalarımı,
Yayın günəşinə oxşadan olub.
İçimdə bir uşaq yaşayır sanki,
Ruhumu hər yaşda oxşayan olub.
Hərdən mənə yazın özü deyiblər,
Hisslərin gül-çiçək açan vaxtında.
Ulduzlar ayağım altda sərilib,
Sevgi qanadında uçan vaxtımda.
Hərdən mənə payız deyən də olub,
Duyğumda hər rəngdə yarpağım da var.
Saçlarım bəyazla dolsa da belə,
Ürəkdə eşq adlı otağım da var.
Hərdən süzə bilib soyuq baxışla,
Deyənlər də olub mənə ki, qışam.
Yanaqlarım solğun olsa da belə,
Ürəkdə sevginin yurdu olmuşam.
Dünən yaz idimsə, bu gün payızam,
Sabah qış olacaq yəqin ki, dadım.
Bütün fəsillər də əynimdə olsa,
Mənim bir adım var - Sevimli Qadın.
1 sentyabr, 2025.