Xanım Ismayılqızı - Göz açıldı...
Göz açıldı...
Səslər gəlir küçədən...
Tavanda çil-çıraq yatıb...
Hər qarışı döyəcləyən
damcılar axır pəncərədən...
Sən də səssən...
Bu günə xoş gəlmisən...
Bu an dünyanı sevmək istəyi var...
Tavandakı çil-çıraqda yellənəsən...
Küçədəki dirçəlişi qucaqlayasan...
Yağışı üzündə saxlayasan...
İçindəki havanın başına dönəsən...
Bir də üzünü gördüm...
Xoş gəldin, həyat...
Göz açıqdı...
Səslər gəlir küçədən...
Hər qarışa yuvarlanan
damcılar baxır pəncərəmdən...
Sən də mənsən...
Bu günə "kaş" gəlmisən...
Sabahım, xoş gəlmisən...
5 noyabr, 2025.