Xanım İsmayılqızı : - ...Deyirlər Bakıda küləklər əsir,

Ədəbiyyat 12:47 / 03.06.2025 Baxış sayı: 1802

...Deyirlər Bakıda küləklər əsir,

Deyirlər küləyin ağlı çaşıbdı.

Deyirlər yaddaşın tozu çırpılır,

Deyirlər külək də həddi aşıbdı...

 

...Deyirlər hələ ki, bu gün yaşanır,

Deyirlər havalar havalanıbdı.

Deyirlər ruh ruha məktub göndərir,

Deyirlər göy yerdə yuvalanıbdı...

 

...Deyirlər hər vaxtdan xatirə axır,

Deyirlər nəfəsdi səsi əsdirən.

Deyirlər şəhərdən çıxa bilmişəm,

Deyirlər hissimdi məni gəzdirən...

 

...Deyirlər gözlərim yaman böyüyüb,

Deyirlər içində aləm qurmuşam.

Deyirlər özümdən yıxılmamışam,

Deyirlər həyatın üstə durmuşam....

 

...Deyirlər uzaqdan yaxın görünür,

Deyirlər kökünə kök atır adam.

Deyirlər külək də bir bəhanədir,

Deyirlər içimdə söz yatır, Adam...

 

...Deyirlər Bakıda küləklər əsir,

Deyirlər küləyin ağlı çaşıbdı.

Deyirlər yaddaşın tozu çırpılır,

Deyirlər külək də həddi aşıbdı...

28 iyul, 2021.