Vahid Aslan - Tək ağac
Yol qırağında bir ağac vardı,
Xatırlayırsanmı?!.
Sonralar nə olmuşdusa
Bir yanı qurumuşdu;
Hər dəfə yaz gələndə
Yalnız bir tərəfi çiçəkləyərdi;
Onun yol qırağında
Boynunu büküb, kədərli duruşu
Hər görüşümüzdə bizi düşündürərdi;
Hər dəfə bu ağaca baxdıqca
Artardı duyğulu gözlərinin qayğısı,
Mənim də ürəyimi sızıldadıb keçərdi
Sənin həssas qəlbinin ağrısı;
Anlayırdım, tək ağacın dərdi
Sənə ağır yük idi,
Sənin sevgin uşaq ürəyindən böyük idi;
Yenə bir yaz günü
Tək ağacın quruyan tərəfində dayanmışdıq,
Sən onun quruyan budağını sığalladın;
Sonra
Başını sinəmə söykəyib, pıçıldadın:
- Bir dəfə sən görüşə gəlmədin,
Gözlədim, gözlədim, sonra ağladım
Sən bilmədin;
Mənə qoşulub
Tək ağac da ağladı...
19.03.2026