Əşrəf Veysəlli - “ ÜZÜ BƏRİ BAXAN DAĞLAR”
O bir çinar, mən br yarpaq,
Əfsus! Ondan düşdüm uzaq.
O torpaqda bulaq -bulaq,
çeşmə- çeşmə neyim qaldı.
Dumanında, çisəyində,
qayasında, kəsəyində,
hər gülündə, çiçəyində
bir parça ürəyim qaldı.
Günü günə sata-sata,
Ömrümüzü verdik bada.
Hyif!- neçə dosta, yada
sinəmdə gileyim qaldı.
Köhlənimi necə tapım,
bir də minim, bir də çapım.
Üç yarımçıq inqilabım,
üç qanlı köynəyim qaldı.
Kövrəlmişəm bir saz kimi,
arzu kimi, muraz kimi.
Ortalıqda Araz kimi
harayım, göynəyim qaldı.
Sən ey anam, səadətim,
a mənim kişi qeyrətim,
Sənsiz nə qolda taqətim,
nə də canda heyim qaldı.
Yada düşər ötən çağlar,
içimdə bir kaman ağlar.
“ Üzü bəri baxan dağlar,
mənim sizdə nəyim qaldı?”
1971- ci il.