Fərhad Tapdıqoğlu- Tərs adam

YAZARLAR 11:03 / 22.03.2026 Baxış sayı: 506

 

( hekayə)

Rəhman kitab rəfinə yaxınlaşdı .Həsən Seyidbəylinin "Tərs-anə " romanını vərəqlədi.Vərəqlədikcə "Gəmi hazırlanan və təmir olunan zavodda ,tərs-anədə işlədiyi uzun illər gözləri önündən kino lenti kimi keçdi...

Kitab rəfindəki kitabların müəyyən faizi ona əlamətdar günlərdə hədiyyə olunan kitablardı.

O illərdə yaşayanların aldıqları ən gözəl hədiyyələr elə kitablar idi...

Rəhman ali məktəbdə təhsil alarkən əldə etdiyi,mağazadan aldığı xeyli dərslikləri və texniki ədəbiyyatları da saxlayırdı...

Rəhman "Tərs-imi həndəsə" kitabını rəfdən götürdü, tələbəlik illərində o fənndən mühazirə oxuyan Vəfadar müəllimlə olan kiçik olayı xatırladı.

Vəfadar müəllim tələbkar, sərt,həm də tərs adam idi.Müəllim mühazirə oxuyanda Rəhman iki dəfə dərsə şuluqluq salmışdı.Onu yadında saxlayan Vəfadar müəllim Rəhmanı imtahandan kəsmişdi.

Rəhman evə qayıtmış ,atası onun həyətdə o yan-bu yana var-gəl elədiyini görüb yanına çağırıb:

---A bala yumurtası tərs gəlmiş toyuq kimi niyə vurnuxursan orda ?- demişdi.

İmtahandan kəsildiyini öyrənən atası Lətif kişi onu danlamışdl.Rəhman bilirdi ki ,atası onu mütləq silləyəcək.Otaqdan çıxıb qaçmaq istəyəndə tərs-likdən Rəhmanın ayağı ilişib, yıxılır.Atası ona yaxınlaşıb bir tərs sillə vurur...Tərs kimi anası da evdə yox idi.Yoxsa qoymazdı atası onu vursun.

Atasının tərs silləsi Rəhmana bir dərs olur...

(Sonradan göndəriş alıb,imtahanı verib1 ,onu baxışları ilə tərs-tərs süzən Vəfadar müəllimdən üzr istəmişdi Rəhman)...

Rəhman kişi xəyaldan ayrılıb,televizorun düyməsini basdı.Mügənni Hacıbaba Hüseynov oxuyurdu:

"Getmə tərs-a* balası,mən də sənə sayə* gəlim,

Damən*indən yapışım, mən də kəlisa*yə gəlim"...

Rəhman televizoru söndürdü.Orta məktəbin aşağı siniflərində oxuyan nəvəsi Raulu yanında gördü:

--Baba,müəllim mənə "Tərs " sözünü cümlələrdə işlədib yazmağı tapşırıb ,kömək edərsənmi?-dedi.

Rəhman baba:

-- Əlbəttə ,mənim şirin - şəkər nəvəm .

Bax,tərs adam hansı adamdır? Öz dediyindən dönməyən ,öz bildiyindən əl çəkməyən ,inadkar adam tərs adamdır.Dediklərinin tərs-ini eləyənlər də var.

Filankəs "tərs oğlu tərs-dir"-deyirlər.

Belə adamlar tərs-lik edəndə ,deyirlər ki,"tərs damarı tutub,ordan uzaqlaş"...

Amma belə insanların tərs damarını sındırmaq -- onu yumşaltmaq ,yola gətirmək də bəzən mümkün olur.

Deyirlər ki,"filankəsin tərs üzünü görmə".

İşi alınmayanda deyirlər ki,"işi tərs gətirdi".

"Filankəs mənə tərs-tərs baxdı".

Əlinin arxası ilə vurulan şillə tərs şillə adlanır.

Məsələn, parçanın,paltarın tərs üzü .

Yaxud , uşaq ayaqqabısını tərs geyinir birdən .

Sən də hərdən elə geyirdin kiçik yaşlarında .

Riyaziyyatda da tərs ədədlər olur.

Raul dilləndi:

--Baba,hasili birə bərabər olan ədədlərə qarşılıqlı tərs ədədlər deyilir.

Rəhman baba:

--Birini də mən deyim?

Tərs mütənasib nə deməkdir? Kəmiyyətlərin biri artdıqca ,digəri azalırsa,onlar tərs mütənasibdirlər...

Məsələn sürət zamanla tərs mütənasibdir.Yol, məsafə dəyişmirsə,sürət artdıqca ,zaman azalır.

Zənnimcə kifayətdir Raul,elə deyil?

Raul:

--Çox sağ ol,baba.Artıq müəllimin tapşırığını yaza bilərəm.

Rəhman baba nəvəsi Raulun boynunu qucaqlayıb dedi:

--Sənə dərslərində gözəl nəticələr arzu edirəm.İstədiklərinlə nail olduqların tərs yox ,düz mütənasib olsunlar.

P.S.Xatlrlatma: tərsa balası ( xaçpərəst qızı) ,sayə -kölgə,damən -ətək,kəlisa-kilsə.