Qismət İbrahimov - “Gecəgözlü xatirələrim və düşüncələrim” kitabından bir hissə
Yazın gəlişi ilə, meyvə ağacları əkilmiş alt həyətimiz yaşıllığa bürünmüşdü. Hündürlüyü az qala 20 metrə çatan qoşa gilas ağacları, uzun budaqları ilə göylərə səs salan iri dənəli ərik ağacları, Günəşi görməyə can atan alma ağaclarımızın yarıaçılmış çiçək qönçələri və tumurcuqları ilə bahara “xoş gəldin” deyirdilər.
Atamın yeddi oğlunun və bir qız övladının adını verdiyi həyətimizdəki səkkiz ədəd tut ağacları da yarpaqlamış, baharın qızmar günəşindən isinib nəfəs alırdılar. Ailəmizin sonbeşiyi olduğum üçün toyuqlarımızın gecələr budaqları üstündə yatdığı tut ağacına mənim adım verilmişdi.
Ağlı-qaralı bala cücələrini başına yığıb, yaşıl həyətimizdə ora-bura gəzişən anaş toyuqların səsi ətrafa yayılmışdı. Yerdə səpilmiş omacdan yeyib təzəcə tüklənmiş qanadlarını çalan cücələr havada uçmağa cəhd edirdilər. Körpə cücələr arası açılmış maşın təkərinin içinə doldurulan sudan içib, başlarını uca Tanrıya tərəf qaldırıb, elə bil bu günlərinə şükür edirdilər...
İkimərtəbəli evimizin qırmızı boya ilə rənglənmiş dəmir örtüyünün altında yuva qurmuş göyərçinlər uğultulu səslər çıxarır, biri-birlərinə baharın gəlişini çatdırırdılar.
Qış aylarında ətrafına toplaşıb isindiyimiz odun sobası artıq sökülüb həyətə çıxarılmışdı. İçi qurumla dolmuş tüstü boruları təmizlənərək qoyun mərəyinin yanına düzülmüşdü. Böyük və kiçik çilələrin çirkləndirdiyi ikimərtəbəli evimizin silinib təmizlənmiş şüşəli aynabəndindən Gecəgözlü kəndinin füzunkar gözəlliyinə baxıb heyran olurdum.
Kəndimizə yaz ayları gələndə bərəkətli Gecəgözlü torpağının da eyni açılardı. Kəndçilərimiz geniş həyətyanı torpaq sahələrində əkin-tökün işləri aparardılar. Bir sözlə, baharın gəlişi ətrafa sanki bir canlanma gətirərdi.