Türkün bayrağı yazdı  Vahid Aslan

Ədəbiyyat 14:49 / 09.11.2025 Baxış sayı: 964

 

 

... İki bayraq doğuldu

Bir istəkdən, amaldan,

Haqqın qüdrəti oldu,

Onu göyə ucaldan;

 

Yaxasında ay, ulduz,..

Elə bil göy üzüdü;

Yelləndikcə, göz udan

İlğımlar dənizidi;

 

... Elə ki, boy göstərər

Bakıdan, Ankaradan,

Onların varlığına

Şükr eyləyər yaradan;

 

Türk adı – Tanrı adı –

Göylər kimi müqəddəs;

Ucaldımı, bir daha

Göylərdən yerə enməz;

 

... İki cocuq oxuyur:

Əcdadının dilində,

Iki bayraq yellənir,

Cocuqların əlində;

 

Bu yellənən bayraqlar

Öpüşəndə, nə mutlu!

Bu bayraqlar yan-yana

Dayananda umutlu!

 

Onlar Türkün bayrağı,

İkisinin bir canı!

Bir bayraq Türkiyənin,

Biri Azərbaycanın!

05.05.2014