Turac Hilal   : - Sən də sevə bilmədin

Ədəbiyyat 12:47 / 08.08.2025 Baxış sayı: 2749

Sən də sevə bilmədin, sən də boş verdin məni,

Öz əlinlə yadlara elə xoş verdin məni.

Unutdun, haradasa nəsə unutduğuntək,

Qayıdıb götürməyi hətta görmədin gərək.

 

Ovutdum bu bahar da göz yaşımı yağışla,

Bu yayı da titrədib yola verdim qarğışla.

Gah qovdum pəncərəmi döyəcləyən sərçəni,

Gah da xəlvətdə durub gözlədim səpib dəni...

 

Beləcə yola verdim neçə gündüzü sənsiz

Mən bacara bilmədim özümlə, düzü, sənsiz.

Doğulur ağrılarım günəş batandan sonra,

Ölçürəm küçələri hamı yatandan sonra.

 

Oynayır gecələri kölgəm Ayla gizlənqaç,

Həsrət üçəcən sayıb qışqırir, "qovuram, qaç!".

Dan yerisə sökülür sənə çatdığım anda...

Daha tab gətirəsi can qalmayıb bu canda.

 

Bütün yalanlarınla qayit üzümə ağ ol,

Varlığına min şükür ,qayıtmasan da sağ ol!