Tofiq Bayram - Evə qayıdırıq

Ədəbiyyat 13:27 / 08.02.2026 Baxış sayı: 250

 

Çatsaq da rütbəyə, ali savada,

Adi fəhlə kimi işləsək də biz,

Bağlı kabinetdə, açıq havada

Gündüzlər gərilir əsəblərimiz.

Gündüzlər bezirik üzlü bir dostdan,

Bezirik xahişdən ya göstərişdən.

Hərdən də çıxanda uzun iclasdan

Elə bil çıxırıq ağır döyüşdən.

Ürək də yorulur, beyin də, göz də,

Sözlər eşidirik töhmətli, acı.

Axşam fəhləmiz də, nazirimiz də

Olur ev möhtacı, qayğı möhtacı.

Axşam hər ürəkdə bir istək gəzir:

Bir şirin təbəssüm, bir loxma çörək.

Kişilər görmüşəm evə tələsir

İlk görüş yerinə tələsdiyitək.

Kişilər görmüşəm qisməti, payı

Böyük bir külfətdir, kiçik bir otaq.

Hər axşam qadını dəmləyən çayı

Yüz-yüz qonaqlığa dəyişməz ancaq.

Qadınlar görmüşəm, ac-susuz qalıb,

Məskəni bir mətbəx guşəsi olub.

Yollara baxmaqdan gözü qaralıb,

Çeşməyi pəncərə şüşəsi olub.

Rəislər görmüşəm, sinə qəfəsi

Az qalıb partlasın bir zəng səsindən.

Hirsini soyudub qadın nəfəsi,

Evdə şəfa tapıb xoş təbəssümdən.

Kişilər görmüşəm qalxıb kürsüyə,

Ağzından od saçıb, deyiblər nərsən.

Evə qayıdanda, yazıq kilsəyə

Zorla ibadətə gedir, deyərsən.

Tez gəldi - günahdır, gec gəldi - xəta,

Elə bil üstünə daş-divar yağır.

Qapısı açılır yarım saata,

Açanın üzündən zəhrimar yağır.

Soruşmur: Ay kişi, nə aləmdəsən?

Kim səni incidib, dərdlisən niyə?

Soruşur: Bəs hansı cəhənnəmdəsən?

Tez ol, gecikirik toya, şənliyə.

Qadınlar görmüşəm, dünya qəmini

Evindən didərgin salır hər axşam.

Kişi ürəyinin sarı simini

Qayğı mizrabıyla çalır hər axşam.

Hardasa başına yağır alqışlar,

Kiməsə şöhrətin, adın gərəkdir.

Evdə ipək əllər, gülgun baxışlar,

Evdə səni duyan qadın gərəkdir.

Evdə qayıdırsan uşaqlığına,

Qadın insandırsa dodaq da büzməz.

Lap dahi olasan, şıltaqlığına

Öz qadının dözər, öz anan dözməz...

Evə qayıdırıq, addımlarımız

Tələsir.. Hamımız yorğunuq, acıq.

Qayğıkeş, mehriban qadınlarımız,

Açın süfrələri, sizə möhtacıq.

Sevən qəlbimizdə bir istək gəzir:

Bir şirin təbəssüm, bir loxma çörək.

Vəfalı kişilər evə tələsir

İlk görüş yerinə tələsənlərtək.