Tanıyırsan şeirlərimdən - Şövkət Zərrin Horovlu.
Bir vaxt əllərimdən məni sevərdin,
Əlimə yaraşan gül gətirərdin.
Saçıma çiçəkdən sevgi hörərdin,
İndi tanıyırsan şeirlərimdən.
Gözüm özgəsini görmədi daha,
Əlim özgə gülün dərmədi , daha.
Özündən xəbərsiz batdın günaha ,
İndi tanıyırsan şeirlərimdən.
Bu sevgini mənə qandırdın nahaqq,
Könlümdə ilk şamı yandırdın nahaqq.
Sevən bir ürəyi sındırdın, nahaqq,
İndi tanıgırsan şeirlərimdən.
Zərif duyğularım dilə gələndə,
Nə misraya döndün,nə bircə bəndə.
O sevgi nağılı qaldı dünəndə,
İndi tanıyırsan şeirlərimdən.
İllərim bir sirrə ,sehirə döndü,
Qismətimin üzü xeyirə döndü.
Şövkərin sevgisi şeirə döndü,
İndi tanıyırsan şeirlərimdən.
Fransa Strasburq.