Tahir  Rzayev, millət  vəkili  : "O piyada keçidi lazım deyildisə?.."

HÜQUQ 17:40 / 30.03.2023 Baxış sayı: 1400

“Nərimanov rayonu Koroğlu Rəhimov küçəsindəki yerüstü piyada keçidinin sökülməsi barədə müxtəlif fikirlər səslənir. Bəziləri bildirirlər ki, həmin keçid şəhərin görüntüsünü pozur, qanunsuz tikilib. Nə olur-olsun, keçid tikilibsə, külli miqdarda dövlət vəsaiti sərf olunubsa, onda dəqiq araşdırılmalı, buna icazə verən adamlar haqqında tədbir görülməlidir. Çünki ortada həm qanunsuzluq var, həm də insanların narahatlığına səbəb olur. Eyni zamanda ictimai rəy var. İnsanlar belə şeylərə çox pis baxırlar. Nəyə görə tikilirdi, indi niyə sökülür? O piyada keçidi lazım deyildisə, vaxtında araşdırılmalı, məsələyə baxılmalı idi. Doğrudan da memarlıq “ansamblı”na ziyan vururdusa, keçidi tikmək lazım deyildi. İkincisi, o keçid qanunsuz necə tikilə bilər ki, xeyli müddət ərazidə tikinti gedib və aidiyyəti təşkilatlar tikinti gedən vaxt görməyiblər? Qanunsuz idisə, keçidin təməli qoyulanda gəlib deməli idilər ki, sənədlərinizi təqdim edin və məsələ araşdırılardı. İnsanlarda yanlış, ikitərəfli fikirlər oyadırlar. Qanunsuz daşı daş üstünə qoymaq mümkün deyil. Magistral yolun üstündə piyadalar üçün körpü salınır və başdan-ayağa dəmir konstruksiyadan ibarətdir. Xeyli xərc çəkilib. Bəs deməzlər ki, keçid tikiləndə Nərimanov rayonunun rəhbər şəxsləri, sahəyə məsul olanlar hara baxıblar? Sözsüz ki, suallar yaranır və müvafiq orqanlar bu sualların cavablarını verməlidirlər”.

Yenises.az  xəbər  verir  ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin komitə  sədri  Tahir Rzayev deyib.

O  həmçinin əlavə edib  ki, doğrudan da sözügedən keçid qanunsuzdursa, onda bu qanunsuzluğa kim icazə veribsə, elə o adam cavab verməlidir: “Tikintiyə ayrılan maliyyə vəsaitini kim veribsə, onun da haqqında tədbir görülməlidir. Külli miqdarda vəsaitin göyə sovrulması dövlətçiliyə ziddir. Bu, dövlət büdcəsinin talanmasıdır. İnsanlarda mənfi rəy oyadır, onların narahatlıqlarına səbəb olurlar. İnsanlar da haqlı olaraq məsələ qaldırır, tənqid edirlər. Kimin bu işdə məsuliyyəti varsa, cəzasını almalı, məsuliyyət daşımalıdır”.

 

T.Rzayev yolların keyfiyyəti ilə də bağlı narazılıqlar zamanı əsas yollar istisna olmaqla, digər yolların ensiz və keyfiyyətsiz çəkilməsi, bu səbəbdən tez dağılması, büdcənin israf edilməsi barədə səslənən tənqidlərə də münasibət bildirib: “Belə faktlar varsa, jurnalistlər, vətəndaşlar məsələni qaldırmalıdırlar. Bu məsələ də araşdırma tələb edir. Mütəxəssislər araşdırsınlar, doğrudan da keyfiyyətsiz yollar çəkilibsə, ya dəymiş ziyan ödənilsin, ya da həmin yollar yenidən keyfiyyətli qaydada bərpa edilsin”.