Tahir Rzayev, millət   vəkili : -  "Heydər Əliyevin dövründə qoyulan möhkəm bünövrə ölkənin bugünkü inkişafında özünü aydın göstərir"

SİYASƏT 19:56 / 06.05.2024 Baxış sayı: 1001

“Ulu Öndər Heydər Əliyevin anadan olduğu gün - 10 may tarixi nəinki Azərbaycan xalqı, bütövlükdə Türk dünyası üçün unudulmaz tarixdir. Çünki Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük dahilərdən biri olan Heydər Əliyev öz mənalı ömrünü xalqına və vətəninə sərf etməklə bərabər, həmişə dünyada azadlığın, demokratiyanın, sülhün tərəfdarı olduğunu göstərmişdir. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və yaradıcısıdır. Ulu Öndər dərin biliyə, böyük təşkilatçılıq bacarığına, qətiyyətə, qeyri-adi yaddaşa, uzaqgörənliyə, tükənməz səbrə, insanları dinləmək qabiliyyətinə və həmsöhbətlərinə təsir etmək gücünə malik olan insan idi. Heydər Əliyev Vətənini və xalqını ürəkdən sevən rəhbər, böyük diplomat, bacarıqlı müəllim, təcrübəli təsərrüfatçı və mehriban, qayğıkeş insan idi. Heydər Əliyev haqqında çox yazılıb, yazılır və bundan sonra da onun ölməz irsi öyrəniləcək, çoxsaylı kitablar yazılacaq, filmlər çəkiləcək. Çünki Heydər Əliyev Azərbaycan xalqının tarixinə elə unudulmaz şəxsiyyət kimi daxil olub ki, onu qəlblərdən silmək, unutmaq mümkün deyil. Dünənin inkişafı, bu günün nailiyyətləri və gələcəyin uğurları ölməz insan Heydər Əliyevin bəşəri ideaları ilə sıx bağlıdır”. Yenises.az  bildirir ki, bu  fikirləri mətbuata   açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, Heydər Əliyev Azərbaycan xalqını dünyada tanıdan və ona şöhrət gətirən bir şəxsiyyətdir: “Hakimiyyəti gəldiyi ilk illərdə Azərbaycanı iqtisadi, mənəvi böhrandan xilas edən və az bir müddət ərzində Sovetlər İttifaqının ən qabaqcıl respublikaları sırasına çıxaran Heydər Əliyevin adı hələ o vaxt dünya xalqlarının dilinin əzbəri oldu. Azərbaycan xalqı öz rəhbəri ilə fəxr etməklə bərabər, həm də uğurlarını artırdı, qüdrətləndi və bu gün üçün böyük zəmin yaratdı.

Heydər Əliyevin o dövrdə Azərbaycana rəhbərlik etdiyi illər respublikamızın ən çiçəklənən dövrü hesab oluna bilər. Çünki kənd təsərrüfatında, iqtisadiyyatda, mədəniyyətdə, mənəvi aləmdə çox böyük uğurlara imza atıldı. Ölkə iqtisadiyyatı dəfələrlə inkişaf etdi, kənd təsərrüfatı yüksəliş yoluna qədəm qoydu, aqrar respublikadan sənaye respublikasına çevrilən Azərbaycanın qüdrəti İttifaqın ən qabaqcıl respublikarını belə geridə qoydu. Heydər Əliyev öz zəngin təcrübəsi, bacarığı ilə Azərbaycan xalqını zirvələrə ucaltdı. Moskvada işlədiyi dövrdə də Heydər Əliyevin qəlbi daim Azərbaycanla döyündü. Azərbaycanın irəli getməsi, tanınması üçün Ulu Öndər əlindən gələni əsirgəmədi.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri onun ikinci dəfə, Azərbaycan təlatümlər içərisində olduğu bir dövrdə hakimiyyətə gəlməsi və xalqın təkidli tələbi ilə razılaşması oldu. Böyük çətinliklər yaşayan, torpaqları işğal altında olan və erməni təcavüzkarları tərəfindən kəndləri, şəhərləri dağıdılan respublikaya rəhbərlik etmək olduğundan da çətin idi. Demək olar ki, hakimiyyətsizlik, hərc-mərclik, özbaşınalıq baş alıb, gedirdi. Belə bir zamanda Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi xalqımızın qurtuluş tarixi idi və Heydər Əliyev xalqı ağır bəlalardan xilas etməyi bacardı.

İlk növbədə ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, silahlı dəstələr ləğv olundu, ordu quruculuğuna təkan verildi və çox mühüm layihələrə imza atıldı. Yeni Azərbaycan Partiyasının qurucusu kimi Heydər Əliyev Əsrin Müqaviləsini imzalamaqla, öz böyük nüfuzunu təsdiq etməklə, bu günün inkişafının təməlini qoydu. O dövrdə respublikanı idarə etmək, beynəlxalq əməkdaşlığı möhkəmləndirmək, müharibəbi yatırtmaq yüksək təşkilatçılıq bacarığı və siyasi iradə tələb edirdi.
Heydər Əliyev torpaq islahatını həyata keçirməklə, torpaqları öz sahiblərinə qaytarmaqla ölkədəki işsizliyin qarşısını ala bildi. O dövrdə həyata keçirilən bir çox layihələr, xarici ölkələrə səfərlər, aparılan danışıqlar ölkədə iqtisadi inkişafa təkan verdi.

Heydər Əliyevin dövründə qoyulan möhkəm bünövrə ölkənin bugünkü inkişafında özünü aydın göstərir. Ulu Öndərin ən böyük arzusu torpaqlarımızı azad görmək idi və biz artıq bu arzuya çatmışıq, bütün ölkə boyu suverenliyimiz bərpa olunub”.