SÜLEYMAN ABDULLA.- ÖYÜ YIXILMIŞ EV

Ədəbiyyat 09:50 / 09.02.2026 Baxış sayı: 419

 

Ən qıraq bir küncə sıxıldı o ev,

Dünya ağuşuna almadı, çökdü.

Ürəyim əsəntək yıxıldı o ev,

Daşı daş üstündə qalmadı, çökdü.

Damırdı damından tavan boyu qəm,

Taleyi yatmışdı damcı səsində.

Divarda bir şəkil çəkməkdəydi nəm,

Qurd yuva qurmuşdu çərçivəsində.

Küləyin ağzında qıcırdayırdı,

Paslı navalçamı, ya nə... - ağıtək.

Zaman duracağı anı sayırdı,

Ovulub gedirdi vaxt suvağıtək.

Daha gözlərində sökülmürdü dan,

Yeri parçalanmış, göyü yıxılmış.

Adamım dünyası qalmışdı viran,

Bir qafil deyirdi: - Öyü yıxılmış...

Viranə üstündən keçmişdi illər,

Bəsdi kədərləndin, di sevin artıq!

Təzə ev tikirdi yeni nəsillər,

Öyü yıxılmışdı bu evin artıq...

****

Çox şey dəyişdi, çox şey, çox...

Dost düşmən oldu, yağı dost.

Ən yaxınlar uzaq oldu,

Yaxınlar ən uzağı, dost.

Verdi bizi tanış ələ,

Başlanğıcdır bu dərd hələ.

Aşkarda quruldu tələ,

Unamadıq duzağı, dost.

Başı saxladıq birtəhər,

Eyni dərddi axşam-səhər.

Payızda bar-bəhər zəhər,

Qışda oldu buz ağı, dost.