Sevinc Qərib - TANRIM
Ədəbiyyat
10:42 / 12.08.2026
Baxış sayı: 249
Tanrım,
sınaqların bitdisə,
dərindən nəfəs alım.
verdiyin vaxt yetdisə,
yardan halallıq alım.
Tanrım,
bir az nurundan ələ,
ömrüm aydına çıxsın.
ağır gəlir bu şələ,
qıyma dərd məni yıxsın.
Tanrım,
Saflığımın bədəlin
belə ödətmə mənə.
bu yarımcan bədənin
ruhu tam gəlsin sənə.
Tanrım,
dua yazdım kağıza
şeir qoydum adını.
salma dilə-ağıza
sözə aşiq qadını...
Tanrım,
nə alırsan, al məndən,
söz sevdam lütfün olsun.
bircə "gəl!"inə bəndəm,
ölsəm sözüm sağ qalsın...