Əşrəf Veysəllidən ÜÇ ŞEİR
Nə gəlməz oldun
Varım da,yoxum da gedib səninlə,
Ay gedər-gəlməzim,nə gəlməz oldun.
Gecələr yuxum da gedib səninlə,
Ay günüm-gündüzüm ,nə gəlməz oldun.
Bu necə sevgidur,bu necə tilsim,
İstərəm üstündə yarpaqtək əsim.
Səni səsləməkdən tutulub səsim,
Qaralıb nəfəsim,nə gəlməz oldun.
Ömrümün gülünü dərdin əlinlə,
Dərib küləklərə verdin əlinlə.
Mən haray çəkirəm dərdin əlindən ,
Ay qaradinməzim,nə gəlməz oldun.
Gözüm gözləməkdən kor oldu sənsiz,
Eşqimiz dillərdə car oldu sənsiz.
Bu dünya başıma dar oldu sənsiz ,
Göylərdən enməzim,nə gəlməz oldun.
Kəlməsi şirinim,sözü göyçəyim,
Aylı gecələrdən üzü göyçəyim.
Adı bilinməzim,özü göyçəyim,
Gözə görünməzim ,nə gəlməz oldun.
1999
Ayılmazdım yuxudan
Ötərsənsə bağlarında eşqimin,
Ölmüş,yatmış arzularım oyanar.
Qonarsansa gözlərimə yaş kimi
Kirpiklərim keşiyində dayanar.
Həsrətindir- saçlarıma salıb dən,
Həsrətindir- ürəyimi qorxudan.
Bilsəydim ki, sən yuxuma girərsən,
Mən ömürlük ayılmazdım yuxudan.
1967
Bir qədər də geciksən
Çinar kimi
için-için yanasıyam.
Çinar kimi
yollar üstə qonasıyam.
Daha məndə qalmayıb
sərçənin də dözümü
Bir qədər də geciksən ,
Bircə yarpaq
vüsal üçün
Tikanlara
çırpasıyam özümü.
1968