Şakür Xanhüseyin - YOLUN DAŞI YOL YOLDAŞIN
olur ki, ümid ürəkdən
bir damar kimi qırılır;
bir an sənə elə gəlir
dırnağın ətdən ayrılır.
və bu zaman canda ağrı:
"damarım vuruldu, yoxsa..."
"a qolum, asıl boynumdan,
ayağım, indi ha axsa..."
sanki biri hər qismətdən
qoparıb bir tikə, gedir;
düşüb kiminsə ardına--
arxasıyca kölgə gedir...
quruluqdan çıxar belə-
gözün üzünü suvarsın...
kimsə tamam quruyacaq,
əgər üzündə su varsa...
hey ələyir işlərini,
ağlın bir ələkdi, bilsən.
gözün üstə nə saxlasan,
üstündə bir yükdü, bilsən...
duyğulansan, zənn eləmə
göz yaşı adicə sudu.
nə görürsən gördüyünün
bəlkə də çoxu
yuxudu...
Tanrı deyir: mən ki sənə
yaxınam şah damarından.
ağ gözündə də qaraya
bir simsarlıq vardır, inan...
yolun daşı yol yoldaşın,
sanki bir çiçək qədər
tər;
ağrıtmaq yox, bəlkə dəyib
ayağını öpmək istər?..
ay şər əməldən qaçağım,
yapmaq üçün nəsə yoğur...
qoy kimliyin çıxsın üzə;
sən hərdən özünə baş vur..