Könül Nuriyeva - Avqust axşamlarında görüşdüyün...

Ədəbiyyat 11:00 / 12.08.2026 Baxış sayı: 211

Avqust axşamlarında görüşdüyün,

gözlərini Xəzərin ay düşmüş sularına bənzətdiyin qadın var a,

sanki boynuna dalğa asılmışdı boyunbağı əvəzi

ürəyi sədəf idi,

işin mirvari ovlamaq olacaqdı…

O qaçacaqdı, sən tutacaqdın.

Sənin üçün duaları əzbərləyən,

sübhləri oxşayan, əzizləyən

səhərəcən kəlmələri saplayan,

qaranlığı nazlayan,

gecə yağışını sənin üçün baxışlarından asan,

özünü unudub, sənə oxşayan...

Sənin içindən şüa kimi keçən qadın..!

Sənə cənnəti xatırladan,

fəsilləri unutduran,

səni mənasız zarafatlara güldürən,

sənin kimi qaradinməzi

saatlarla dindirən, danışdıran...

"Sənin xətrinə bütün xanımların saçları olaram!” deyən qadın var a,

şeirlərinə mövzu etdiyin,

həyəcanın,

iztirabın,

nəşən,

əsəbini tökdüyün,

uşaq çılğınlığın,

mənəvi harayın,

gözlərindən axmayan yaşların,

qafiyəyə gəlməyən hecaların,

yazılmayan hekayələrin,

ürəyinin bütün otaqlarına

ayrı- ayrı açar olan qadın!..

Köksünün sol tərəfi,

qalın cildli kitablarının

açılmayan kələfi…

Bax, o qadın, həmin qadın

bayaq getdi

gəlməyəcək...