Ay Bəniz Əliyar - Duyuq düşdü gül kolu da gəlişindən payızın

Ədəbiyyat 09:34 / 12.08.2026 Baxış sayı: 279

duyuq düşdü gül kolu da gəlişindən payızın,

hiss edirdi açmayacaq son tumurcuq düyünü.

sonbaharda eşqə düşən çətin eşqdən yarısın,

bilirdi ki, bundan sonra çiskindəndir hər günü.

 

keşkə, sən də bu ürəkdə bir gül kimi bitəydin,

ümidini bircə dəfə qəlbə çıraq edəydin.

qürurundan qurban verib, yenə güzəşt gedəydin,

sən yetər ki, uzadaydın bu sevginin ömrünü.

 

şeir olaydı, heç olmasa, yaddaşlarda qalaydı,

bizdən sonra şeir sevən könüllərə dolaydı.

Tanrı payı zənn eləyib bir mərhəmət qılaydın,

sən yetər ki, uzadaydın bu sevginin ömrünü.

 

bax, qırılır yarpağından payızında budaqlar,

yerə qonan yarpaqları yağış tutar, yel qovar.

qırıb tökən mən olaydım aramızda hər nə var,

sən yetər ki, uzadaydın bu sevginin ömrünü.

bir az yarım, bir az qırıq, bir az həsrət doluydun,

nolardı, bu hisslərində ərgənliyə dolaydın.

eybi yoxdu, mən günahkar, sən günahsız olaydın,

sən yetər ki, uzadaydın bu sevginin ömrünü.

payız ömrü deyildi ki, erkən bitib tez sola,

yarpağını budağından, quşunu göydən sala.

bu ürəkdi, qonağını mərhəmətlə qarşılar,

sən yetər ki, uzadaydın bu sevginin ömrünü.

nə lazımdı? bir az diqqət, lap bir az da anlayış,

yaz kimiydin gəlişində, nə tez oldun qarlı qış?

göz açınca bitir ömür, bir baxaydın... bir baxış,

sən yetər ki, uzadaydın bu sevginin ömrünü.

lazım gəlsə dilənərdim bu yollardan izini,

meh olardım səhər-səhər öpmək üçün üzünü.

keşkə yenə sınamaqçün məndə olan dözümü,

sən yetər ki, uzadaydın bu sevginin ömrünü.

bir az səbr lazım idi, bir az səbr, bəlkə də,

sevgi yoxdu, ağrı vardı ovunduğum kölgədə.

durmayaydın, lap qaçaydın, çıxaydın bu ölkədən,

sən yetər ki, uzadaydın bu sevginin ömrünü.