Saqif Qaratorpaq - Mən unuda bilmirəm başıma gələnləri

Ədəbiyyat 10:49 / 22.01.2026 Baxış sayı: 1543

 

Mən unuda bilmirəm başıma gələnləri,

Ürəyim unudulmuş xatirə qəbristanı.

Yaddaşımdan boylanır aynəbədli bir daş ev,

Bir də hələ bitməyən bir sevdanın dastanı...

 

Xəzəl olmuş ömrümün illər sarı yarpağı,

Öz əlimlə qoparıb göz yaşımda axıtdım.

Ha dolandım,ha gəzdim yaxın,uzaq yolları,

Tüstüsü burum-burum bir ocağa qayıtdım.

 

Ürəyimi üşüdür o apreldə yağan qar,

Çiçəyini don vurmuş qoca ərik ağacı...

Səfil küçə ititək qapımızdan qovmuşduq

Tutub qar topasına biz onda ehtiyacı.

 

Qarı deşib çıxmışdı novruzgülü eşqimiz,

Xəbəri yoxdu hələ ayrılığın qışından.

Üçgünlük ay kimiydi o vaxt uşaq ürəyim,

Beşdaş yığan vaxtımdı küçənizin daşından.

 

Güzgülənir gözümdə indi neçə xatirə,

Gölgə kimi izləyir məni hayana qaçsam.

Bəlkə elə yuxudu bir ömür gördüklərim,

Bəlkə elə nağıldı...bitməz bir qış danışsam...