Saqif Qaratorpaq - Daha bitməz, bu sınığı ha sarı...
Daha bitməz, bu sınığı ha sarı,
Ölənəcən su damacaq bu çatdan.
Bir də gördün uçub çaya töküldü,
Elə yuyub sal qayanı sel altdan.
Kimə yaxın, ancaq kimə uzaqdı,
Sevincimi göz yaşıma bükməyim.
Bu ağrını çəkən bilir, asanmı,
Ürəyimi misra-misra sökməyim.
Keçib gedər, bel bağlama hər yaza,
Naşı olan xoş avaza aldanar.
Şaxta vurub çiçəyini apardı,
Xumarlanıb tez açmışdı alçalar.
Yaxşı gördüm, öz payımı götürdüm,
Tez öyrəndim hər dərsini dərdimin.
Ürəyimdə bir anadil oxuyur,
Xəbəri yox... xəbəri yox heç kimin.
Elə yanıb əlim, bir də uzanmaz
İnnən belə bir çiçəyin ətrinə.
Bir ömürü hər gün yelə sovurdum,
Yaşayıram bir sevdanın xətrinə.