Saqif Qaratorpaq -Başını götürüb qəfil gedəsən...

Ədəbiyyat 18:54 / 17.09.2025 Baxış sayı: 2191

Başını götürüb qəfil gedəsən,

Bu gidi dünyada izin qalmaya.

Səni qıranların, incidənlərin

Səndən danışmağa sözü qalmaya.

Elə çəkiləsən sonsuzluğa ki...

Əli boşda qala axtaranların.

İtəsən, batasan səssiz, soraqsız,

Nə yad xəbər tuta, nə yaxınların.

Köçəsən, bənövşə köç edən kimi,

Nə bir yarpaq duya, nə bir kol bilə.

Qoşulub gedəsən səhər yelinə,

Gedəsən...nə yolçu, nə də yol bilə..

Izini itirə təzə yağan qar,

Ağaca dönəsən, daşa dönəsən.

Adını siləsən xatirələrdən,

Günahsız bir gözdə yaşa dönəsən.

Üz tutub gedəsən son zirvəyəcən,

Qarışıb sulara günahın itə.

Sonuncu nəfəsin dəydiyi yerdən

Bir palıd göyərə, bir lalə bitə.