Şakir Xanhüseynli - AĞACDA BİR YUVA KİMİ
ağacda bir yuva kimi
xəyal qur, bir anı yaşa.
yaşamaya-yaşamaya
keçirtdin ömrünü, yaşa...
fikir içində vaxt keçir,
xəyalındakı işi gör...
bax, qolaylanıb üstünə
kimdi atan o daşı, gör...
yeməyini haram edən,
içdiyinə zəhər qatan
heç bəlkə də bir əl deyil,
ağır keçən həyat, zaman...
hesab sora da bilmirik,
üstünə gəlin, ya çıxın;
kimə deyəsən bu, ağdı,
bu da ki, qara, bir baxın...
bir anlıq xəyala gedib
hansı düyünü açasan...
axı, bir çətin sualın
cavabı da deyil asan...
bir qarışqa yolu tutub
ruzi haqda düşündünmü...
yedirtdiyin çörəyin heç
duzu haqda düşündünmü...
kömür ilə əlləşən də
saçlarına ağ düşürür.
yaşıldı ömür ağacı,
ancaq hey yarpaq düşürür...
tapdayıb qərinələri
gəlib sənə çatan dərd var.
sayı yüzü, mini ötən
sanki elə bir namərd var...
Xeyir şərin izi ilə
getməz ki, dönər sağ-sola;
birdən açar gözlərini,
odda ikən qalar dona...