Adil Şirin - A   DÜNYA

Ədəbiyyat 09:57 / 15.08.2026 Baxış sayı: 284

 

Cavanlıqda məclislərdə tost dedim,

İnsanlara qardaş dedim, dost dedim.

Şeir yazdım, dərd üyütdüm, qəm yedim,

Gənclik bitdi, dostlar getdi, a dünya.

 

Dünya dondu mən çeşmə tək çağladım,

Cihad dedim misri qılınc bağladım.

Ölən öldü, qalan qaldı ağladım,

Kim deyir ki cihad bitdi, a dünya.

 

Mənim qəlbim uca dağ şəlaləsi,

Mənim ruhum göydə Ayın gələsi.

Qeybdən gəlir mələklərin xoş səsi,

Fələk mənə zülm etdi, a dünya.

 

Dağ başında o gördüyüm daş qala,

Mən hördüyüm, sən hördüyün daş qala...

Biz atları çapıb getdik dördnala,

Dağlarda izimiz itdi, a dünya...