Fərhad Tapdıqoğlu - Qalxdı.
(hekayə)
Soltan müəllim,şəhərdə " gecəqonduda"( naxalstroy) yaşayırdı.Altmış beş yaşını yenicə arxada qoyan bu insanın ikimərtəbəli evi vardı.Özünün dediyi kimi " cızma - qara" da edirdi hərdən .Kitab çıxartdırmaq həvəsinə də düşmüşdü.
...Havalar qızmağa başlamışdı. Həmin gün temperatur xeyli qalxdı.Soltan müəllim evin qabağında dayanıb uzaqlara baxırdı.Birdən güclü gilavar külək qalxdı.Gilavar əsəndə göyə toz qalxdı.Soltan müəllim,evin pilləkənləri ilə ikinci mərtəbəyə.qalxdı .Otağa daxil oldu.Özündə xoş ovqat yaratdı,əhval- ruhiyyəsi qalxdı.Keçib divanda əyləşdi. Jurnal stolunun üstündəki dəftərinə qeydlər eləməyə başladı.Onlardan yeni hekayəsin1də istifadə edəcəkdi.
" Əvəz atın belinə qalxdı.Atı çaparaq qarşıdakı təpəni qalxdı.Doğan Günəş yavaş- yavaş yuxarı qalxdı."
" Əvəzin oğlu çox bilikli ,perspektivli gənc idi.O işdə pillə- pillə yuxarı qalxdı"
" Yaşarın oğlu hərbici idi.Onun qırıcı təyyarəsi göyə qalxdı.Düşmən yerləşən məkanları vurdu.Düşmənin mövqeləri darmadağın edildi."
"Şəhid analarının fəryadı göyə qalxdı."
...Qonşuluqda yaşayan ,gözəl dağ rayonunun kəndindən köçüb gələn bir ailə özlərinə daxma " qaralamışdılar." Bir müddət sonra ailənin xanımının səsi " gecəqonduları" başına götürdü.
Soltan müəllim stoldan qalxdı.Eyvana çıxdı.
Yenidən haray - həşir, qışqırıq göyə qalxdı.Qonşunun oğlunun səsi olmasa da oxuyur,hətta mahnı yazdırıb,səsini kompüterdə təmizlətmişdi.Müğənni olmaq istəyirdi,çoxları kimi çox zaman ağzını "açıb - yumaraq" fonoqramla oxuyacaqdı. İndi isə zümzümə edə- edə birdən zilə qalxdı.
Arvad qışqırdı :
--Ay səni vurğun vursun.Ay mütrüb,üzünü mürdəşir yusun sənin.Özünü niyə əleyvan eləyirsən?
Qonşu qadınlardan biri:
---Ay arvad,nədi yenə səsin qalxdı ?Nə olub?--- soruşdu.
Qışqıran qonşu:
--- Sənə isti- soyuğu var? Gərək hər şeyin vacehin qılasan? Az,get qarnını qaşı--səsi yenidən qalxdı.
Qonşu qadınlardan başqa biri:
--Dinmədikcə sənin ayağın yer alır haa?!Əməlin azmasın.Səni yaxşı tanıyıram.Daha şəltən mənim yanımda işləməz. Bəsdir də...Bizə hörmət eləmirsən ,özünə hörmət elə---dedi.
O dedi,bu dedi ...Bir az keçdi ,səs-küy kəsildi.
Qonşu arvadın bu şivənniyini görüb,Soltan müəllimin başından tüstü qalxdı,otağa qayıtdı.Yazmağa davam etmək istədi .Özünü narahat hiss elədi.Təzyiqi qalxdı.Həb qəbul elədi ,gedib çarpayıya uzandı.Bir neçə dəqiqədən sonra yuxuya getdi.
Yarım saat olardı ki,yatmışdı. Birdən sel- su içində yuxudan oyandı.Dikəldi ,çarpayıdan qalxdı.
Həyat yoldaşını yanına çağırıb ,yuxusunu danışmağa başladı:
---Arvad keçən illər dollar da qalxdı, kommunal xərclər qalxdı,sonra yanacaq qalxdı,çörək qalxdı...Yuxuda görürəm ki,hər şeyin qiyməti qalxdı və hər gün qalxmaqda davam eləyir.Deyirəm ki,arvad birdən kağız da qalxdı,onda neyniyəcəm. Heç olmasa bir kitab buraxdırardım.
Soltan müəllimin həyat yoldaşı:
--Ay Sotan ,kağızın qiyməti xeyli vaxtdır ki ,xeyli qalxıb.Deyirsən yenə qalxar?
---Nə bilim arvad?! Qalxdı,qalxdı də...Deyəsən kitab buraxdıra bilməyəcəm.Ola bilər ki,pensiya qalxdı?
- Ey,ay Soltan,nə bilim?!Ola bilərmi ki,qalxan qiymətlər düşsün?
Soltan müəllim yenidən divanda əyləşdi, qeydlərini cırdı və üzünü həyat yoldaşına tutaraq:
---Ay arvad ,dünyada çox şey qalxır.Bizdə bir dəfə qalxan ,bir daha düşmür- dedi.
Soltan müəllim ,pilləkənlərdən aşağı enib, bağçaya düşdü.
Yavaş- yavaş gün də qalxdı günortanın yerinə.....