Şakir Xanhüseyn- Yaş gətirmə tərəzinin gözünə
***
Yaş gətirmə tərəzinin gözünə-
çəki daşı; onu nə yon, nə də oy.
Tərəzinin hər gözünə, özündə
təmizliyi barındıran bir söz qoy...
Tərəzinin gözü dedim, ürəyim
işığıyla işıqlandı bu sözün;
Doğruluğa, dürüstlüyə, düzlüyə,
insan, elə tərəzi ol
sən özün...
Haqqı görən gözlərin də tərəzi,
dərd çəkirsən
misqal-misqal, ya tonnan?
Tərəzini düz çəkməyin gərəkdi,
həmişə düz olmalısan sən onnan...
Min çəkidə eyləsən bir səhv əgər,
Tanrı sənlə arasına sədd çəkər...