Aida Adıgözəlin ŞEİRLƏRİ
Soruş məni
Hərdən soruş məni bağlı qapıdan,
qaranquş yuvalı tozlu eyvandan.
Dəstəyə keçirilib yazısı itmiş,
haçandansa qalmış köhnə qəbzdən,
pərdəsi qaralmış hörümçək torlu
dəmir barmaqlıqlı pəncərələrdən.
Hərdən otağa gir, evə də baş çək,
göz gəzdir eyvana, zəngli saata,
gör saat səkkizdə yenə vururmu?
Dolabları dağıt, eşib səpələ,
gör o çox sevdiyim yaşıl pijama
həmin siyirmədə hələ dururmu?
Hərdən soruş məni boş çərçivədən,
masanın küncünə niyə atılmış?
Soruş içindəki şəkillər hanı?
Hərdən yadına sal, hərdən xatırla,
nişan üzüyünün üstü pozulub
hansısa zərgərə niyə satılmış?
Hərdən soruş məni kirli yataqdan,
niyə səliqəsiz, niyə çirklidir?
Onu kim unudub yığışdırmayıb?
Çoxdandır üstündə yatmıram deyə
təmiz görünməyi güllü mələfə
inciyib özünə sığışdırmayıb?
Hərdən soruş məni kimdən kimsədən,
hərdən soruş məni, heç çəkinmədən...
Viranə könüllər
Çox da ağır deyil, dözmək olurmuş,
gözlərin zillənir uzaq nöqtəyə.
Bir azca əllərin havada qalır,
bir az üşüyürsən içindən keçən
çovğuna bənzəyən sərt hənirtiyə.
Baxırsan dalınca könlündən uçan
harasa üz tutan qaranquşlara.
Sonra qəm tökürsən gecələr yesin
viranə qəlbinin uçuqlarında
kədərdə yurd salmış kor bayquşlara.
Bir az ağlayırsan, bir az da peşman,
nə fərqi, dəyişən nə olasıymış?.
Fitnələr sökmüşdü saray daşların,
göz-gözü görmürdü duman əlindən,
tək sənin gözünə toz dolasıymış...
Belə! Bu da bitdi! Salam, azadlıq...
Xoş gəldin ömrümə bulud topası.
Hər gözün dolanda məni xatırla,
döyəclə qapımı, pəncərələri,
gəl qucaqla məni payız havası...
Xatırla
Məni belə xatırla,
son ada xatirəsi.
Bir naşı qayıqçının
yarım qalan həvəsi.
Məni belə xatırla,
qara, dəli qız kimi.
Yavanlıq çörəyinə
son səpilən duz kimi.
Məni belə xatırla,
ruhunun son günahı,
qoca kor balıqçının
dənizlə vida ahı.
Məni belə xatırla,
tez-tez küsən, inciyən.
Hər baxışa qısqanıb,
kimsəylə bölüşməyən.
Məni belə xatırla,
gözünə çək şəklimi.
Elə o cür də saxla,
bu qədər bəsindimi?..
Sayılalı
Mən çoxdan yığmışam gözümü yoldan,
günüm aya döndü, il sayılalı.
Adın sayıqladım boz yuxularda,
çöndü qabar oldu, dil sayılalı.
Mən də acıladım, sındırdım ürək,
aşdım aramızda nə çəpər-dirək.
Qoruq-qaytaq keçdim, dözəydim gərək,
əzdim yaxşı nə var, şil sayılalı.
Səslədim hər şeir, gəlmədin haya,
yandım cayır-cayır, almadın saya.
Hər gecə ağladım, döndülər çaya,
mən Fərat bilirdim, Nil sayılalı.
Dedilər həsrətin qoxusu pisdir,
çökər duman kimi, sis oğlu sisdir.
Sən zəhər olsan da bir külək bəsdir,
müşk-ənbər bilərəm, hil sayılalı.
Kimsə su çilədi yanğına, söndü,
keçdi qara pişik, aslana döndü.
Fələyin giriymiş, çərxdi də çöndü,
keçdik şeşpərinə, til sayılalı.
Məni çox ağrıtdı boz ayrılıqlar,
bilmədim səbəbmiş bu uzaqlıqlar.
Ölçdüm məsafəni, çatmadı qollar,
mən "ağac" bilirdim, "mil" sayılalı.
Dedim dərya olar səndəki sinə,
düşüb boğularam eşq şərbətinə.
Yanıldım kor bəxtin tərs qismətinə,
demə gölməçəymiş, lil sayılalı.
Bitdi! Qovuşmamız qaldı cənnətə,
tökdük acımızı tə'nə-minnətə.
Yüklədik nə varsa sərki-töhmətə,
çəkər dəvə yükü, fil sayılalı.