Aysel Xanlarqızı   Səfərli Gözünü sıxanda nəm əvəzinə...

 

Ədəbiyyat 11:25 / 13.03.2026 Baxış sayı: 122

Gözünü sıxanda nəm əvəzinə,

Mən düşdüm dünyanın yanaqlarına.

İlahi, sən məni unudan gündən

Dizlərim əyilib ayaqlarına.

 

Sürünən ümidlər səbrin ətəyin

Dartar, dizlərinin yarasi ilə.

İlahi, sən məni atdığın gecə,

Bölündüm ruhumun yarısı ilə.

 

Ovcuna sıxanda buz əllərimi,

Əridim dünyanın başının üstə.

Sən məni kimsəsiz qoyduğun o gün

Yanıqlı ah oldum, bir son nəfəsdə…

Bəxtdən kasıb olan ömür süfrəmin

Sevinci pəhrizdə, dərdi çox yeyən.

Nə olar, qəlbimin qapısın bağla

Dəvətsiz nisgillər çıxmır eşiyə.

Yoxdur pəncərəsi arzuların da

Baxsın aynasından sabaha doğru.

Sən məni doğanda anam ağladı,

Alnima bəxt deyil, yazdın dərd, ağrı.

Qocalar evinə bənzəyən ruhum-

Gəncliyi ovcunda öldürmüş qadın.

De nə vaxt, de nə vaxt övladlıq alıb,

Sevinc gözlərimə verər soyadın??

Dunyanın təzyiqi uymadı nəbzə,

Yıxıldım bəxtimin uçurumuna.

İlahi sən məni unudan gündən

İntihar qədəhin qoydu yanıma.

2018

Aysel Khanlarqizi Safarli