Şakir Xanhüseyn - ÖTÜRMƏK

Ədəbiyyat 13:11 / 29.03.2026 Baxış sayı: 515

 

olmur fikri başdan ötürmək ki, get,

candan acıları ötürmək ola...

biləsən nə qədər ağırlıqdadı,

ələ bir ağrını götürmək ola...

dağa ötürəsən dumanı, çəni,

gözlərinə duman, çən yığılmaya.

ötürəsən gedə

gedər-gəlməzə,

ürəyə bir damcı kin yığılmaya...

yola ötürəsən yolçunu, ancaq

qəlbinin yolçusu kədər olmaya...

beynə ötürəsən hansı duyğunu

bu günün dünəndən betər olmaya?

günəş, işığıyla bir, yer üzünə

ya bəlkə ötürür qaranlığı da...

...ötür mənə sarı bir söz, ilahi,

elə qanad verə hissə, ağıla,

zülmətdə yaşayam mən işığında...