Arzu Əsəd -Allah   həqiqi Nəsiminin ruhunu əbədiyyən diri saxlasın!

YAZARLAR 19:50 / 29.03.2026 Baxış sayı: 392

Allah rəhmət eləsin! Rasim Balayev bir dövrün istedadlı sənətkarlarından idi. Cismi getdi, lakin çoxlarının "qaldı" dediyi "ruhu" da getməlidir. Müstəqil Azərbaycan dövləti özünü siyasi-iqtisadi baxımdan toparlayan kimi "Nəsimi", "Babək", "Nizami" və sair bu qəbildən olan filmlərimiz yenidən çəkilməlidir.

Sovet estetikasına uyğun olan süni pafosla, təhrif edilmiş məzmunla, yalançı ideologiya ilə ərsəyə gəlmiş bu filmlər milli düşüncəyə çox böyük zərərlər vurub. Qəhrəmanlar, obrazlar cansız, qeyri-həyati, ziddiyyətlərdən arınmış, tarixi gerçəklikdən uzaq reklam səciyyəli tipajlardır. Uşaqlıqdan, gənclikdən onları təqlid edə-edə biz də öz şəxsiyyətimizi müəyyən mənada bu təhrif olunmuş tarixi, həyati həqiqətlərdən, məzmundan uzaq xarakterlərə bənzər qurmağa çalışdıq. Elə hey şikayətlənirik ki, biz niyə normal cəmiyyət qura bilmirik.

Həmin filmlərdəki yalançı babəkləri, təhrif edilmiş nəsimiləri, cansızlaşdırılmış nizamiləri özünə ideal bilən, Babəkin, Nəsiminin, Nizaminin həqiqi obrazlarının, gerçək həyat və yaradıcılıqlarının, mübarizələrinin bəlkə də tam əksi ifadə olunan bu filmlərlə yetişən bir nəsil olaraq ən yaxşı halda ancaq inkişaf etmiş dünyanın siyasi-iqtisadi-sosial-hüquqi-mədəni paradiqmalarını imitasiya edərək, məzmunu doldurulmamış formal bir cəmiyyət yarada bilərdik.

 

Və bu gün həqiqətən istedadlı, lakin dövrün xarakterinə uyğun Nəsimi ruhuna, idrakına tamamilə yad olan, onun ancaq formal təcəssümü olan hörmətli mərhum aktyorumuzun ardınca hələ də içimizdən çıxmayan o mənasız pafosla o müqəddəs sayıla biləcək

"Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır" misrasını deyəndə tarixin qatlarında qanı axa-axa bir daha yenidən soyulan mütəfəkkir şairin səsini eşidirəm: "Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin, Bunca namərdi görün, bir ər qıyarlar, ağrımaz!" Allah ölənlərimizə rəhmət eləsin, bu millət üçün uydurulmuş deyil, həqiqi Nəsiminin ruhunu əbədiyyən diri saxlasın!