O, Nəsimini canlandırıb, Nəsimi də onu yaşadacaq...

YAZARLAR 18:00 / 29.03.2026 Baxış sayı: 387

 

İmadəddin Nəsimini onun təqdimatında tanıdıq, onun simasında sevdik. "Həqq məndədir" deyən şairin dərisinin necə soyulduğunu bizə o göstərdi. Və biz onu elə Nəsimi əvəzi bilib, Nəsimi kimi də sevdik…

Rasim Balayev- Azərbaycan kino sənətinin ən parlaq simalarından biri, xalqın ağrı-acısını dilə gətirməkdən, necə deyərlər, "dərisinin soyulmasından" qorxmayan ziyalı…

Bir dostunun söylədiyindən məsəl çəkib deyirdi ki: “Türkiyədə, İranda əvvəl həkimləri yetişdirib, sonra xəstəxana binaları tikdilər. Bizdə isə əvvəl binanı tikib, sonra da həkimləri yetişdirirlər. Demirəm ki, bizdə yaxşı həkim yoxdur, var, amma gərək onu axtarıb tapa biləsən”...

Niyə "sehirli qutuda" görünmürsüz sualına isə:- “Mən gündəmdə olmaq xatirinə çəkilişə gedən insanlardan deyiləm”- söyləyirdi...

Özünə hörmət qoymağı bacaran, nüfuzunu qoruyub saxlaya bilən sənətkarlardan idi…

...1948-ci ildə Ağsu rayonunda dünyaya gəlmişdi. 1965-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdi. 1993-cü ildən 2013-cü ilədək Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 1976-cı ildə əməkdar artist, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.

1998-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf", 2023-cü ildə isə "İstiqlal" ordenləri ilə təltif edilib. Azərbaycan Dövlət mükafatı laureatı idi...

Göründüyü kimi, Dövlətimiz ən ali mükafatlarını ondan əsirgəməyib, zəhməti zaman-zaman yüksək dəyərləndirilib. Və milli mənəvi dəyərlərimizin təəssübünü çəkdikcə nüfuzu daha da artır, daha çox sevilirdi…

Nəhayət, 78 yaşına təxminən 4 ay qalmış, 29 mart 2026-cı ildə İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Biz onu çox seviridik. Bu sevgi səbəbsiz deyildi. Axı, o, xalqımız üçün Nəsiminin obrazını canlandırıb. Bəli, nə qədər ki, bu millət var, "Nəsimi" də onu yaşadacaq…

Yeri cənnət olsun!

Dərin hüznlə, Elman Eldaroğlu