Şakir Xanhüseyn - ÇİN SƏDDİ
ÇİN SƏDDİ
bir addım atıram, ikincini də,
bir ümid yolundakı Çin səddini
aşmaq bəzən diş-dırnaqla...
düppədüz yolda
bir neçə Çin səddini keçməyin olmadımı heç?
olur, iki qəlbin qovuşuğunda
Çin səddi ucalır...
bir-birinə baxan gözlər,
üst-üstə düşən izlər arasında Çin səddini gör!
bizim taleyimizdən axıb gedən bir çay var,
Çin səddindən betər;
arzulara, xəyallara,
yollara belə yol verməz!
Çin səddi təkcə olduğu yerdə deyil ki,
olmadığı yerlərdə də var;
insanlar
həm də aralarında dikəldir Çin səddini...
evinin qapısı ağzından
içəri keçməyə Çin səddinin üstüylə
yürümədinmi, yahu!
kimdi, ya kimlərdi bu
sədləri ucaldanlar,
bu sədlərin himinə daşı ilkin atanlar?
bir də özünü aşmaq deyirlər ha,
Çin səddini aşmaqdımı, əcəba?..
ah, bu sədlər,
sərhədlər heyy,
hədlər heyy!..