Şakir Xanhüseyin - bəs niyə dostları qoruyammırıq?..
K. K-nin xatirəsinə
Dönür hay-haraya sükutumda bir
səs, niyə dostları qoruyammırıq...
Bürüyür elə bil dörd dövrəmizi
sis, niyə dostları qoruyammırıq...
Bir nəfəs gedirsə, gəlmirsə, heyif,
yüz üzdən bircəsi gülmürsə, heyif...
Hələ bilənlər də bilmirsə, heyif;
biz niyə dostları qoruyammırıq...
Dərd qona bir cana, istəyirikmi,
bir kirpik qırpına, istəyirikmi,
Bir göz də qapana, istəyirikmi,
bəs niyə dostları qoruyammırıq?..