Sabir Zəkullaoğlu - Təbliğatın yaratdığı akademiya...

YAZARLAR 12:33 / 22.01.2026 Baxış sayı: 2301

 

İnsan heç vaxt sadəcə var olmaq üçün yaşamır; o, anlam axtarır. Hər söz, hər fikir, hər təcrübə onun ruhunda iz buraxır. Lakin insan o qədər həssas və mürəkkəb varlıqdır ki, ona göstərilən hər bilgi və təsir onu ya yüksəldir, ya da manqurtlaşdırır.

İnsan elə bir varlıqdır ki, ona təbliğatla hər şeyi həzm etdirmək mümkündür — yetər ki, təbliğat güclü olsun və məqamında, zamanında edilsin.

Güclü təbliğat ruhu formalaşdırır, zəmanət yaradır ki, o fikir ya milli, ya dini dəyər kimi müqəddəsləşsin min illərlə qorunub ibadət ediləcək bir məqama yüksəlsin.

Elm və təhsil, insana-bu mürəkkəb varlığa bir yol göstərir. Elm insan cəmiyyətində akademik bir mühit yaratdı, ağıl və bilik vasitəsilə dünyanın qanunlarını öyrətdi.

Bu mühit zamanla daha çox təbliğ olundu, daha yüksək hörmətə layiq görüldü. Lakin akademik dediyimiz bir çox şeylər — rəqslər, ifalar, davranışlar — yalnız beyinə yeridilmiş informasiyalardır. İstənilən bilgi və ya hadisə, istər acı, istər şirin, insanın ruhunu doyurmursa, o, əsla akademik sayıla bilməz.

Olay dərin məna daşıya bilər; ağıl onu dərk etməyə bilər. Ancaq hiss etməməsi mümkün deyil. Əgər həm ağıl, həm də hiss bu olayı qəbul edə bilmirsə, ona akademik demək yalnız sözün formasıdır, ruhsuz bir etiket. Akademik mühit, hər nə qədər ali təhsil və elmi yanaşma ilə zəngin olsa da, insan hisslərinə toxunmalıdır.

Yadımdadır. Sovetlərin uzun partiya qurultaylarından sonra bir bədii hissə olurdu. SSRİ-akademik dövlət orkestrinin konserti. Bütün iştirakçılar məcburən qulaq asır, bəzilərini hətta yuxu aparırdı.

Hətta iştirakçılar içərisində bu akademik - məşəqqətli zamanın nə vaxt bitəcəyini bir məhbusun azadlığa qovuçacağı kimi gözləyənlər də olurdu.

Çünki bu sözün özü bizim ruhumuza, zorla, süni şəkildə yeridilmiş, statusu şişirdilmiş, yerində olmayan rəfə qoyulmuşdu.

Təbii ki burda sözün heç bir günahı yoxdur; ən böyük günahkar zamanın özüdür. Zamanla nəinki sözlər, hər şey dəyişir. Şair demiş: niyə də dəyişməsin?-axı dünya fırlanır.

Bəs akademik mühit özündə nəyi ifadə etməlidir?

Rəqslər, ifalar, statistik hesabatlar və formal təqdimatlar ruhu doyururmu?

Yoxsa yalnız səthi örtür, dərinliyi gizlədir? Akademik olmaq yalnız formal biliklərdə usta olmaq deyil; akademik olmaq, insanın ruhunu hiss etmək, onun daxilinə toxunmaq, ağıl və qəlbi birləşdirməkdir. Akademik mühit, yalnız saylarla və sözlərlə ölçülə bilməz; o, həm də insanın daxili aləminə açılan qapıdır.

İnsan təbliğatla yönləndirilir, amma ruhunu doyurmaq yalnız dərin anlamla mümkündür. Akademik mühit də belə olmalıdır: formal biliklərlə dolu, amma ruhla nəfəs alan, statistikalarla zəngin, amma insanın qəlbini titrədən.

Akademik, yalnız ağıl deyil, həm də qəlbdir. Elmin təməli yalnız nəzəriyyə deyil; onun əsası insanın ruhunu daşımaq, onu işıqlandırmaqdır. Əgər akademik mühit ruha toxunmursa, o, yalnız səth, görüntü yaratmaq üçün formal olaraq işlədilən ifadədədən başqa bir şey deyil.

İnsan və elm, ruh və informasiya arasında qurulan bu zərif tarazlıq, həqiqi akademik mühitin təməlidir.

Zaman dəyişir, dünya fırlanır, amma ruhla zənginləşmiş akademik, əbədi olaraq insanlığın irəliləyişinə xidmət edir.