Ramiz Rövşəndən BİR ŞEİR

Ədəbiyyat 11:58 / 14.01.2026 Baxış sayı: 1519

Ürəyim həmişə əyində gəzən

Nimdaş paltar kimi süzülüb tamam.

Bu axşam ulduzlu göylərdən kəsib,

Sökülən qəlbimi yamayacağam.

 

Qəlbim böyüyəcək azadlıq kimi,

Sönmüş ümidləri səsləyəcəyəm.

Ayı da bir gümüş manatlıq kimi

Göydən cibxərcliyi istəyəcəyəm.

 

Səhər radiolar verər səs-səsə,

Qəzetlər danışar -(nə gop, nə hiylə):

"Dünyada qəribə bir adam gəzir,

Öz ay manatıyla,səma cibiylə".

 

Sonra əzizləyər yuxular məni,

Heç kəs yuxularda dəyməz kefimə.

Təkcə kosmonavtlar qorxudar məni,

Birdən kosmonovtlar girər cibimə.