Ramiz Qusarçaylı - Qərib yetim
Noldu qərib yetim,
qəribə yetim,
Ölümün gözündə çiçəklədinmi?!
Evindən qəbrinə uzanan yolu
Dörd taxta üstündə iməklədinmi?!
Əlində bel idi, kürəyində tər,
günün varıydımı,
gün-gündən betər...
Qəribin qəbri də ayrılıq ötər,
Bu təzə sevdaya söz köklədinmi?!
Bu yaz bənövşələr sənsiz qaldı ki,
Sevdiyin çay yeri çənsiz qaldı ki,
Çat düşən ürəyin dənsiz qaldı ki
Torpağın altında dərd ləklədinmi?!
Bu torpaq sənindi,
Sən bu torpağın,
Ələyir, sovurur qəm bu torpağı,
Həm səni ağladım, həm bu torpağı,
Gözümün yaşını yelpiklədinmi?!
...Bilməyib gəlmişəm dünyaya mən də,
Elə sənin kimi tənhayam mən də,
Dönürəm bir bəyaz röyaya mən də,-
Yanında bir qara yer rənglədinmi?!
Təbriz.
2001.