Qəşəm İsabəyli - PAXILLIQ
Həyətimizin arxa tərəfində bir evin xarabalığı vardı. Təbiətin ağır əli nə qədər hamarlasa da yenə də yerdən bir metrə qədər hündürlüyü qalmışdı. Adına Gülöyşənin yurdu deyirdilər. Bir dəfə günorta üstü bu xarabalığın yanından keçəndə necə diksindimsə canımı üşütmə aldı – ağ bir ilan ox kimi dik qalxıb, qəribə səs çıxardıb, yenidən eyni hərəkətlə yuvasına çəkildi.
“C”ın yanına “r” qoydum. Bizim dilə çevirəndə cırıb çıxdım aradan. Düz evimizə qədər qaçdım. Anam məni qaranəfəs görüb həyəcanlandı:
–Nə olub sənə, ay bala, nə xəbərdi?
–Ana, bəs... – əhvalatı danışdım!
–Allah üzümüzə baxıb, salamat qurtarmısan!
–Niyə, ay ana?!
–Nağıllarda oxumamısan ki, bəs ilan yeddi ildən sonra dönüb əjdaha olur?!
Bu fikir ta bu günəcən başımdan çıxmır. Ən çox da pa¬xıllıq haqqında fikirləşəndə. Öz-özümə deyirəm: “İlan yeddi ilə dönüb əjdaha olduğu kimi, paxıllıq da illər ötdükcə insanın gözlərinə hopur.” Belə adama da el arasında “filankəsin gözündə var” deyirlər.
Bəli, insan qəribə məxluqdu. Qəribə olduğu kimi, onun paxıllıqları da qəribə olur. Hətta çata bilməyəcəyinə də paxıllıq eləyir insan. Götürək yaşamağı. Təbii ki, bu, bizim iradəmizdən kənar hadisədir. Gəl ki, adamlar başqasının uzunömürlüyünə də çəp baxır hərdən. Ona görə də ahıllıq yaşına çatan insanlar tanış-bilişlərindən, doğmalarından belə dünyaya gəldikləri ayı-ili gizlətməli olur. 90-ı 85, 100-ü 90 “eləyənlər görmüşəm”. Mən buna yalançılıq yarlığı yapışdırmaqdan olduqca uzağam.
Adamlar nəinki tanış-bilişinə, hətta evə-eşiyə, dəmirə-daşa da paxıllıq eləyir.
Ailəvi dostumuz Həsən müəllim vardı Kürdəmirin Qoçulu kəndindən. Müəllim olmaqla yanaşı yaxşı da dülgər idi. Bir gün bizə gəlmişdi. Atam da qovaq ağacımızı kəsib, yıxmışdı ot tayasının böyrünə.
–Ay İsa, bu ağacı niyə candan eləmisən? – Həsən müəllim soruşdu.
–Yondurub, tövlənin üstünə atacam.
–Sizə gələndə fikirləşirdim, görəsən iki gün boş-
bekar neyləyəcəm Xəlsədə. Allaha şükr, mənə də iş tapıldı.
Tovuzun Qovlar kəndində yaşayanda eşidib öyrəndiyi aşıq havalarından birini züm-zümə eləyə-eləyə Həsən müəllim qolunu çirməyib, girişdi işə – tiri köndələninə uzadıb, başladı yonub hamarlamağa. Çox çəkmədi ağacı özünə ram elədi – iti balta, cəld hərəkət... ülgüc kimi dəmir tiyə... talaşalar kəpənək kimi başına dolanırdı.
Birdən kəndimizin aşağı başında yaşayan bir kişi gəlib çıxdı yanımıza. Həsən müəllimin yanına yığılan adamlar qorxa-qorxa bir-birinə baxdılar. Bu da səbəbsiz deyildi. Axı gələn adamın daşdan keçən gözü vardı.
Dayanıb diqqətlə Həsən müəllimin baltasına baxmağa başladı. Baxdı... baxdı... birdən içini çəkdi:
–Ay Allah, sənin qüdrətinə şükr! Bir parça dəmirə verdiyin hünərə bax!
Kişinin ağzından söz çıxar-çıxmaz balta çıqq elədi – iki bölünüb, düşdü çayırın içinə...
11.08.2026