Adilə Nəzər - Əmanətə xəyanət etməyək!

YAZARLAR 16:54 / 10.11.2026 Baxış sayı: 201

 

​Qalx, oyan, gör nə fikrə xadimsən?

Kimlərin oğlusan? Nəsin? Kimsən?

Sürünüb durma böylə, bir yüksəl!

Bir düşün, gör beş-altı əsr əvvəl

Nə idin? İndi nərdəsən? Bu nə yəs?

Əcəba yoxmu səndə izzəti-nəfs.

​“Biz türklər çadır altında doğar, açıq səhralarda, qanlı müharibələrdə ölürüz.

Biz türklərə qürür və nəşə verən bir şey varsa, o da müharibə, o da qalibiyyətdir.”

​Hüseyn Cavidin ruhumuzu sarsıdan bu misraları və Türkün əzəli qürurunu əks etdirən həqiqətlər bu gün o ruhun daşıyıcısı olmağın nə qədər məsuliyyətli olduğunu bir daha xatırladır. Cavidin Sibir soyuğunda donan nəfəsi, Əhməd Cavadın və Mikayıl Müşfiqin güllələnən harayı bu torpağın, bu kimliyin və Türkiyə ilə ayrılmaz bütövlüyümüzün müqəddəs təməl daşlarıdır. Onlar Sovet imperiyasının ən dəhşətli zülmü daxilində belə bu ruhu yaşatdılar, bu yolda can verdilər.

​Cavidin Türk dünyasının ucalığını mədəniyyətdə görən ünlü şüarı:

​Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

​və Əhməd Cavadın ölməz misraları:

​Çırpınırdın, Qara dəniz,

Baxıb Türkün bayrağına!

"Ah" deyərdim, heç ölməzdim,

Düşə bilsəm ayağına.

​həmçinin bayrağımıza həsr etdiyi bu içdən:

​Türküstan yelləri öpüb alnını,

Söyləyir dərdini sana, bayrağım!

Üçrəngin əksini quzğun dənizdən

Ərməğan yollasın yara, bayrağım!

misraları ​adi bədii mirasdan daha çox iki xalqın ortaq ruhunun və azadlıq amalının əbədi pasportudur.

​

İndi, Zəfər təbilimizin Şuşada əks-səda verdiyi bir məqamda Türkiyə-Azərbaycan birliyinə kölgə salmağa çalışan hər bir ötəri külək, hər bir soyuqluq yaratmaq cəhdi məhz o fədailərin xatirəsini baltalamaq, onların müqəddəs qanı bahasına ucalan binanın üstündən qara xətt çəkməkdir.

​Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Zəfər günündə Azərbaycana gəlişi, Şuşadakı o tarixi qucaqlaşma da iki dövlət başçısının görüşündən daha ötə bir şeydi. Prezident İlham Əliyevlə Türkiyənin liderinin yan-yana duruşunda iki ölkənin, iki xalqın, milyonlarla vətən daşının vahid iradəsi, birliyi və bərabərliyi təcəssüm olunurdu. Bu səfər araya ayrılıq-qeyrilik salmaq istəyən bütün pozucu cəhdlərə, hörmətli Azər Turanın dediyi kimi: "küfrani-nemət küləkləri"nə meydanda verilən ən canlı, ən kəsərli cavab oldu.

​Bir daha bəlli oldu ki, bu qardaşlıq siyasi konyunkturaya sığmayan, kökü Cavidlərin, Cavadların idealına bağlanan əbədi bir bütövlükdür. Odur ki, həmin Zəfər ruhunu və liderlərimizin nümayiş etdirdiyi bu sarsılmaz birliyi mənəvi sipər edib, dostluğu təftiş etmək istəyənlərə heç vaxt meydan verməməliyik.

 

10.11.2026