ÜÇ RƏNGLİ BAYRAQ - Ələddin Əzimli
Havada
bir əsim külək yox,
titrəmir, tərpənmir
bir yarpaq belə.
Sükutu əridən
şam da, çıraq da belə.
Əlimdə tutduğum
ağappaq varaq da belə.
Gözüm seçən qədər
yaxın da, uzaq da belə.
Kölgələr
elə bil tablo,
düzülüb torpağın üstə.
Donub boğazımda
sanki nəfəs də.
...İçimdə
qəfildən bir bayraq
çırpınıb qanadlanır,
uçurur səmaya məni.
Bir də baxın
Millətin,
Cumuriyyətin
ruhundan qopan
Üç rəngli bayrağa!
Gör necə qaldırır
Himn oxuyan milyonlari -
Azərbaycanı ayağa!
20 yanvar 1990