Ulucay Akif - Hər  kəsə təşəkkür

YAZARLAR 17:22 / 09.11.2026 Baxış sayı: 408

Heç yadımdan çıxmır, İlham Əliyev Şuşanın azad olunduğunu deyəndə, ağladım. Həmin an bir də yaşansa, yenə ağlayacağıma heç şübhəm yoxdur.

Və Şuşanın azad olunduğu deyiləndə, ən birinci ağlıma atam gəldi. Düşündüm, kaş "Şuşaya gedə bilmirəm" deyən Akif Səməd də bu günü görəydi.

Sonra dostlarımla vədələşib məhələmizdəki "Veteranlar" deyilən çayxanada görüşdük. Kefimiz çox əla idi. Ancaq bu haqda danışırdıq. Şuşa, Qarabağ, qələbə...

Birdən yan masada tək oturub pivələyən bir dayı söhbətimizə müdaxilə elədi:

- Nə qələbə?! Belə qələbə olmur! Biz Dağlıq Qarabağın davasını eləmişik ermənilərlə həmişə! Dağlıq Qarabağ qaldı ermənilərdə! Xocalı, Xankəndi... Hamısı qaldı onlarda! Bir də heç vaxt onları ordan çıxara bilməyəcəyik! Rus dedi bu qədər bəsinizdi!

Həmin an o kişiyə bircə bunu deyə bildim:

- Ay dayı, imkan ver bir az sevinək də...

Bütün qanımı qaraltmışdı o dayı. Ona həm çox əsəbiləşmişdim, həm də bir tərəfdən dediklərində həqiqətin olduğunu düşünüb çox dilxor olmuşdum.

Çox idi onda bu cür düşünənlərimiz, belə deyənlərimiz:

"Bəs Xankəndi hanı?!"

"Bəs Xocalı hanı?!"

"Belə Zəfər olmur!"

Bu cür danışanlara çox əsəbiləşirdim, amma yenə də sözlərində həqiqət payını axtarırdım. Fikirləşirdim ki, görəsən, doğrudanmı, Qarabağ həmişə yarımçıq olacaq, zəfərimiz həmişə natamam qalacaq?

Sonra nələrin baş verdiyini özünüz yaxşı bilirsiniz.

Allaha şükür ki, bu gün ağız dolusu "Qələbəmiz!", "Zəfərimiz!" deyə bilirik, çünki heç nə natamam deyil.

Bizim bu gün ürəkdolusu sevinməyimiz üçün canlarından, sağlamlıqlarından keçən, hamının önündə başımızı dik edən hər kəsin qarşısında baş əyirəm.

Ölkənin Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm.

Bəli, təşəkkür borcumuz varsa, etməliyik təşəkkürümüzü. Təşəkkür etməyən adam nankor olar. Nankor adam isə heç vaxt vicdanlı, ədalətli, dürüst ola bilməz.

İlham Əliyev Qarabağı işgaldan azad edərək Azərbaycan xalqına... yaxşı, xalq adından danışmayım, şəxsən mənə başucalığı gətirdi. Bizə yenidən öz kimliyimizi xatırlatdı və bizi o kimliyə qaytardı.

Orada döyüş əmri verən bütün generallara, komandirlərə, güllə atan əsgərlərə, yaralıları müalicə edən həkimlərə, ordu üçün yemək bişirənlərə, orduya yardım üçün pul göndərən, ərzaq göndərən, isti corab göndərən, əlini açıb dua edən bütün azərbaycanlılara təşəkkür edirəm