Ayaz Arabaçı - Zəfərin mübarək Azərbaycanım!

Gündəm, Ədəbiyyat 11:12 / 08.11.2026 Baxış sayı: 633

Qalatək boy atdı ər oğulların,

Sipərin mübarək Azərbaycanım..

Nə qədər acıya sinə gərmisən,

Təpərin mübarək, Azərbaycanım..

 

Yolunda tökülən hər qanı öpdüm,

Tutğun hər yolu, ərkanı öpdüm,

Yüyürüb sevincdən ekranı öpdüm,

Xəbərin mübarək, Azərbaycanım.

 

Bir xalqın qəlbində közə çevrilən,

İllərlə, "səbr edə", "döz" ə çevrilən,

Axırda müqəddəs sözə çevrilən,

Zəfərin mübarək Azərbaycanım..

 

Babəkin ruhu var sənin hərəndə,

Əlin tətikdədir, ovun bərəndə,

Zəncana, Təbrizə, Xoya, Mərəndə,

Səfərin mübarək, Azərbaycanım.

 

Dünyaya görk oldu çaldığın zəfər,

Qaçdı quyruğunu qısıb, qaçdı, şər,

Bu yolda canının fəda edən hər,

Nəfərin mübarək Azərbaycanım.

 

Olsun bu sevincin olsun başacan,

Bu gün bu nəfəsdi bizi yaşadan,

Doğdu ikinci bir günəş Şuşadan,

Səhərin mübarək Azərbaycanım.

Zəfərin mübarək Azərbaycanım!