Rafail Inceyurd Ismayilov - PAYIZ LAFI

Gündəm, Ədəbiyyat 11:43 / 07.11.2026 Baxış sayı: 763

 

Mən payızın qapısını

döydüm bir gün...

gördüm narın yağış yağır.

Gördüm bulud havasına

oynayır qaçqın damcılar

ağır-ağır...

Gördüm yenə damır evi,

hər yan islaq, hər yan nəmli.

Çiçəklər can verirdilər,

adamlar qaş-qabaqlıydı,

quşlar qəmli.

Yarpaqlar da bağ boyunca

xəzan yeli havasına

cəm olub yallı gedirdi.

Onlar yallı gedə-gedə

gedirdilər torpaq olub,

bir ovuc Vətən olmağa...

Orda bitən bir ağacda

yenə... yenə yarpaqlanıb

bir yaz vaxtı qayıtmağa...

...Gördüm bu gün səhər-səhər

pəncərəmdən baxır payız.

Dedim:-Buyur, içəri keç,

qonağım ol.

Dedi:-Yaxşı, indilərdə

tutar bizim laflarımız

Oxşarıq bir-birimizə,

ikimiz də birgə, qoşa,

ikimiz də bərəkətli,

ikimiz də yol gedirik

üzü qışa...

Dedim: -Bəlkə, ona görə

vurulmuşam sənə bunca?

Dedi: -Sən yaz sevdalısı,

sən yaranış aşiqisən,

təzələnən təbiətin

vurğunusan əzəl başdan.

Get vəsf elə ilk baharı,

get sev, yaşa, yarat bol-bol.

Duyğulanıb bizləri də

hərdən yola verirsənsə,

ver, çox sağ ol...

07.11.26