Qalib QADİR : - İKİ ƏSRİN ZİRVƏSİNDƏ

Allah üzünü mənə tərəf çevirmişdi.
Yasif Nəsirli
“Zirvə” adlı dastanın müəllifi zirvədən-zirvəyə qalxaraq minlərlə müxtəlif səviyyəli və xasiyyətli insanların içərisindən, cəmiyyətin yuxarı və aşağı qatından, və burda qərar tutmuş təbəqələrin gözü qarşısından keçərək, böyük maniə və sədləri inamla aşaraq, gəlib bu yaşa çatmışdır. Bu, zəfər yürüşüdür. Təbii ki, zamanında onun əlindən tutanlar da olmuş, ayağından çəkənlər də. Lakin Yasif Nəsirli səbrlə, Tanrının ona bəxş etdiyi gözəl xasiyyəti, ilahi təbi, tədbirli və təmkinli davranışı, aşıb-daşan istedadı və gənclik coşqunluğu ilə dalbadal qarşısına çıxan bütün sədləri və əngəlləri aşıb keçə bilmişdir. Bu “marafonda” onun uğuruna çıxan nə qədər nəcib və xeyirxah insanlar olub... Yasif Nəsirli onların heç birini unutmayıb və “Zirvə” yaddaş toplusunda onları sevə-sevə bir-bir xatırlayıb və ünvanlarına layiq olduqları qədər bol-bol xoş sözlər deyib, dəyərli fikirlər söyləyib. Bu mənada kitab sanki yaxşı adamların sərgisi və xeyirxah xarakterlərin ensiklopediyasıdır. Bunlar Yasif Nəsirlinin bəxtinə tuş gələn, rastına çıxan İlahi qismətidir.
Təbii ki, müəllif həyata qədəm qoyduğu ilk gündən heç də mələklər arasında, ideal mühitdə yaşamayıb. Hər dövrün özünə görə bədxahları da olub, insan sevər xeyirxahları da. Amma etiraf edək ki, müəllifin təsvir etdiyi o dövr indikindən fərqli olaraq daha çox humanist, vicdanlı, halal insanların dövrü idi. O zamanın ruhu qismən “hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarının təsiri altında formalaşırdı. İndi “Hamı mənim üçün, mən də özüm üçün!” deyənlərin sayı ilbəil artır. Bazar cəmiyyəti insanın özünü də alqı-satqı predmetinə çevirməkdədir. Biznes marağı insanların insanlığını, adamların adamlığını əlindən alıb onları bioloji varlığa oxşatmaqdadır. Yırtıcıların, haramzadələrin cəmiyyətin qəniminə çevrildiyi belə bir dövrdə “Zirvə”dəki obrazlar adama xəyal, müəllif təxəyyülünün məhsulu kimi görünür. Amma mən müəllifin müasiri olduğum üçün (o, məndən cəmi 10 yaş böyükdür) deyirəm ki, “Zirvə” həqiqətən hər cəhətdən öz dövrünün zirvəsinə yüksəlmiş insanların real portretlər qalereyasıdır. Orda nə şişirtmə var, nə də kiçiltmə. Mirzə İbrahimov, Mir Cəlal, Həmid Araslı, Məmməd Arif, Bəxtiyar Vahabzadə, Ağamusa Axundov, Maqsud Əlizadə, Elmira Qafarova, Əfrand Daşdəmirov, Qulu Xəlilov, Vasim Məmmədəliyev... hər biri öz işinə, fəaliyyətinə və xarakterinə görə ümumxalq hörməti qazanmış nüfuzlu şəxsiyyətlərdi.
Taleyin qismətidir ki, müəllifin həyatı, lap uşaqlıqdan yaxşı insanların çevrəsində keçmişdir. Allahın xeyirxah bəndələrinin əhatəsində dünyanı görüb dərk etməyə başlamışdır. Halal zəhmət adamları, ilk növbədə kolxoz və ev işlərinin ağırlığından əziyyət çəkən anası, Çoban Usub, sağ qolunu müharibədə itirmiş Cümşüd müəllim, Soltanlı kolxozunun sədri, əsl ziyalı olan Məhərrəm kişi, onun həyat yoldaşı Leyli xala, kənd məktəbinin direktoru və dil-ədəbiyyat müəllimi İslam İsmayılov, müharibədə ayağı şikəst olmuş tarix müəllimi, məktəb bədii özfəaliyyət dərnəyi, müharibədən sonra ərsəyə gəlmiş şikəst taleli yaşıdları və mühit onun ilk tərbiyəçiləri olmuşdur. Dünyaya göz açdığı mühit düşündürücü və səfərbəredici mühit idi. Yaşadığı məkan və zaman onu Yasif Nəsirli kimi yetişdirir və formalaşdırırdı.
Və ən başlıcası, Yasif cavan olsa da dara düşəndə həmişə, özünün yazdığı kimi, “Ürəyində Allahı köməyə çağırıb”. Və xoşbəxtlikdən Allah həmişə onu eşitmişdir. Başqa cürə onu uşaqlıqda yolunun üstünə çıxan qorxunc gürzə ilanlardan, şəhərdə isə çox hiyləgər “kabinet ilanlarından” kim xilas edə bilərdi?
Bir anlıq Yasif Nəsirlinin həyat yoluna ötəri nəzər salsaq görərik ki, Azərbaycanda ondan əvvəllər də və indi də hələ heç kəs onun imza atdığı uğurlara çata bilməyib. Yeri düşmüşkən deyim ki, cavanlıqda mən “Uğur” adlı bir əsər yazmağa təşəbbüs göstərmişdim. Lakin alınmadı. Texniki peşə məktəbinin şagirdi, sonra ixtisaslı fəhlə kimi zavodda çalışan Uğur həyatda mənim özüm kimi heç bir uğur qazana bilmədi. Çünki o da mənim kimi Anasız, Arxasız və Adamsız idi. Heç demə, ən başlıcası, o, anadangəlmə Talesiz və Bəxtsiz imiş. Adı Uğur olsa da, qismətində uğur olmayıb. Mən, nəhayət, 70 yaşımda uğurlu bir insanın həyatı ilə bu kitabda tanış oldum. Zirvələr fəth etmiş bu insanın bütün həyatı əsl uğurnamə dastanıdır!
Onun əmək fəaliyyətinin yüksəliş trayektoriyası xüsusən fantastik və qeyri-adidir. 6-7 yaşından Kavdar kəndində Çoban Usubla kolxoz quzularını otarmış və işləyə-işləyə kənd məktəbində təhsilini davam etdirmişdi. Bu vərdişi o, ali məktəbdə də davam etdirmişdi. Tələbə ikən Universitetin elmi jurnalında və mətbuatda məqalələri çap olunub. Dördüncü kursda ikən üç kitabı çapdan çıxıb. Əyani şöbənin tələbəsi ikən dördüncü kursda onu Komsomolun Mərkəzi Komitəsində təlimatçı vəzifəsinə təyin edirlər. Sonra yeni nəşrə başlayacaq “Ulduz” ədəbi-bədii və ictimai-siyasi jurnalının ilk baş redaktoru təyin olunur.
Qısa müddətdə jurnala istedadlı gənc yazıçı və şairləri – İsi Məlikzadəni, Sabir Süleymanovu, Abbas Abdullanı, Fərman Kərimzadəni, Əhəd Muxtarı, Sabir Azərini işə cəlb edir. Jurnal 34 səhifə çıxmalı idi. O, risk edərək 64 səhifə buraxmağa nail olur. O dövr üçün bu böyük iradə tələb edirdi.
Bu o vaxt idi ki, oxucuların çox sevdiyi istedadlı şair Məmməd Araz Nəriman Nərimanov haqqında “Ədəbiyyat qəzeti”ndə redaktor əvəzi kimi məqalə dərc etdiyinə görə Mərkəzi Komitənin qərarı ilə işdən azad olunmuşdu. Yasif yuxarılarla razılaşmadan Məmməd Arazı şöbə müdiri vəzifəsinə təyin etmişdi. Bunun üçün Yasif Nəsirli Yazıçılar İttifaqının Rəyasət heyətində tənqid edilmişdi.
Gənc yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanını “Azərbaycan” yurnalı çap etməmişdi. Qlavlit də icazə vermirdi. Yasif həmin romanı yığdırır, nömrəni Qlavlitə göndərəndə onu aradan götürür və eyni həcmdə material qoyur. Jurnal təsdiq olunub qayıdandan sonra, çapa gedəndə romanı qoyur yerinə. Roman çap olunur. Indi tez-tez nümayiş etdirilən eyni adda məşhur film çəkilir.. Belə epizodları çoxlu sayda artırmaq olar. Bu, onun vəzifədən getməsi ilə nətıcələnə bilərdi.
1969-cu ilin iyul ayında Heydər Əliyev onu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə məsul işə aparır və az keçməmiş özünə köməkci təyin edir. 1973-1975-ci illərdə Moskvada SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində təhsilini başa vurduqdan sonra Respublika Dövlət Təhlükəsizlik Komitəsində rəhbər işə göndərilir. DTK-nın Kollegiya üzvü olmuşdur. Orada təqaüdə çıxdıqdan sonra Mərkəzi Komitədə İnzibati Orqanlar şöbəsinin müdiri təyin edilmişdir. Mərkəzi Komitənin üzvü seçilmişdir. Qarabağ Təşkilat Komitəsinə birinci müavin təyin edilmişdir. Həmçinin Zaqafqaziya Hərbi Şurasının üzvü idi. General-mayor rütbəsinə layiq görülmüşdür. Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclis) deputatı olmuşdur.
Respublika Prezidenti yanında Ali İnspeksiya sədrinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti sədrinin birinci müavini, eyni vaxtda “Novruz” qəzetinin baş redaktoru işləmişdir.
2007-ci ildən Azərbaycan Dünyası Beynəlxalq Əlaqələr Mərkəzinin (Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə) prezidentidir.
Əlbəttə, bunlar hələ hamısı deyil. Yasif Nəsirlinin vəzifə karyerasını sadalamaq onun tərcümeyi-halının təxminən 40-50 faizini əhatə etmək deməkdir. Onun ədəbi, elmi, ictimai-siyasi karyerası bu mühitdə gördüyü işlərə uyğun olaraq olduqca peşəkar mahiyyət daşıyır. Altmış ildən çoxdur ki, İlahi bir istək onu qələmə bağlayıb, yazı-pozu bu bəxtli insanın həyatının ayrılmaz bir hissəsinə çevrilib.
“Zirvə”dən sonra mən onun qələmindən çıxan əsərlərin hamısını tapıb oxumaq istərdim. Xüsusilə müəllifin “İnsanlar, görüşlər”, “Ömür”, “Dünya”, “Zaman” adlı kitablarının sorağındayam. Az qala dünyanın şimaldan cənuba, şərqdən qərbə, əksər ölkələrində olmuş bu qüdrətli insanın əməksevərliyi, özünü məqsədyönlü təşkiletmə bacarığı, təvazökar xarakteri, ətrafındakılara müdrik yanaşma taktikası və “Zirvə” avtobioqrafik romanı çərçivəsində sezdiklərim məni heyran edir. Bu kitabdan mən nə qədər zənginləşdim, bunu yalnız özüm bilirəm. 640 səhifəlik kitabın vərəqlərində ağ yerləri mənim qeydlərim doldurub. Mən kitabı oxuduqca müəllifi xəyalımda gah “Əlçatmaz zirvələrin fatehi”, gah “Qüdrətli Qismət Sahibi”, gah “Bəxtli Bəxtəvər” və s. bu kimi obrazlarda canlandırmışam. Kitabın səhifələrinə səpələnmiş qeydlərimdə mən “Zirvə”ni “Məmurnamə” adlandırmışam. Müəllif 1958-ci ildən başlayaraq 2018-ci ilədək ötən 60 il ərzində müşahidə etdiyi məmur-ziyalı münasibətləri haqda təəssürat və xatirələrini topladığı bu kitabında ilk dəfə eşitdiyim olduqca qəribə və heyrətamiz faktlar, hadisələrlə rastlaşmışam.
Fikirləşirəm ki, bu kitabı “Azərbaycan məmurlarının sərgisi” də adlandırmaq olar. Təsəvvürümdə yaxşıları muzeydə, alçaqları heyvanxanada nümayiş etdirilən bir sərgi canlanır. Əsasən mənəvi-mədəni yüksəkliyə qalxanlarımızın portretini müasir oxuculara təqdim edən bu əsər, məncə, siyasi memuar ədəbiyyatımızda zirvə mərtəbəsində durmağa layiqdir.
İki əsrin zirvəsində qərar tutan Yasif Nəsirli dövrünün ən məlumatlı adamıdır. Onun təhsil aldığı ünvanların sayı və sanbalı - habelə çalışdığı mötəbər “komitələr” tutduğu yüksək mövqe və mənsəb postları, iş prosesində əməkdaşlıq etdiyi və ünsiyyət saxladığı insanların səviyyə və səlahiyyət dərəcəsi belə deməyə tam əsas verir. Bu səbəbdən Y.Nəsirlinin Azərbaycan memuar ədəbiyyatına töhvəsi elmi, tarixi və faktoloji cəhətdən çox qiymətlidir. Amma mənə elə gəlir ki, Y.Nəsirli əhatəsində olanlar haqda kifayət qədər dəyərli rəylər və xatirələr söyləsə də, bilavasitə elmi-ədəbi mühitdə, mətbuat aləmində inzibati idarəetmə kürsüsündə özünün fəaliyyəti, gündəlik taktiki “diplomatik” işlərlə bağlı təcrübəsi barədə sistemli bir xatirə əsərinə böyük ehtiyac var. M.S.Ordubadi “Mənim həyatım və mühitim” adlı əsəri ilə bu janra çox qiymətli bir töhvə vermişdir. O da çox məlumatlı və hərtərəfli, intellektual hazırlığa malik bir şəxsiyyət olmuşdur. Çoxları, o cümlədən mən səmimi bir ovqatla yazılmış xatirə əsərlərini çox sevirəm. Bizim xalqın buna çox böyük ehtiyacı var. Arzu edirəm ki, Allah daim öz nəzərində saxladığı Yasif müəllimə bir daha öz lütfünü əsirgəməsin, onun sağlam ömrünü o qədər uzatsın ki, o, öz zəngin yaddaşını doğma xalqı ilə bölüşməyə bir daha imkan tapsın.
Müdrikləri dinləmək və oxumaq adama ləzzət verir. Mən “Zirvə”ni oxuduqca bu ləzzəti təkrar-təkrar duymuşam. Ürəyimdən bir arzu keçib ki, kaş bizim real həyatımız da Y.Nəsirlinin təsvir etdiyi müsbət qəhrəmanlardan ibarət olardı: sadə, xeyirxah və alicənab. Yaxşı ki, Yasif Nəsirli o adamların parlaq bir nümunəsi kimi bizim aramızdadır.
“Cəlil Məmmədquluzadənin ilk əsərlərində sənətkarlıq” və “Azərbaycan şeirinin inkişafı” mövzularında yazdığı namizədlik və doktorluq dissertasiyaları, çap etdirdiyi monoqrafiyalar ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Sonrakı illərdə “Ömür”, “Dünya”, “Zaman” adlı üçcildliyi, “Günəşlə görüş”, “Mənalı ömür”, ”Təyyarə Havanaya uçur”, “Çinar vüqarı”, “Görə bilmədin”, “Qayıdacağam” (rus dilində), “İnsanlar, görüşlər”, “Adsız təpə” və başqa kitabları çap olunmuşdur.
“Liftdə hadisə”, “Təyyarə geri dönür”, “Qan qardaşları” və bir neçə pyesləri dəfələrlə Azərbaycan Dövlət Televiziyası vasitəsi ilə göstərilmişdir.
Azərbaycan Milli Dram Teatrında tamaşaya qoyulmuş Mir Cəlal Paşayevin “Dirilən adam” romanınını şərikli səhnələşdirmişdir.
Tərcüməçi kimi də oxuculara tanışdır. Georgi Markovun “Sibir” (iki kitab) romanını, A.Dıqanskinin “Filosov və paltaryuyan qız” povestini, “Polşa hekayələri” kitabını,Mariya Mayerovanın “Dünyaların ən yaxşısı” romanını, Ş.Ələddinin “Mərmər pillələr” povestini dilimizə çevirmişdir. Bunların hər biri ayrıca kitab kimi çap edilmişdir. Bundan başqa çoxlu sayda xarici ölkə yazıçılarının əsərləri qəzet və jurnallarda onun tərcüməsində işıq üzü görmüşdür.
Azərbaycan yazıçılarının axırıncı iki qurultayında hərbi-vətənpərvərlik komissiyası sədrinin müavini seçilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Əməkdar Elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov avtobioqrafik romanın özünə layiq çox gözəl bir “Ön söz” yazıb. Amma Yasif Nəsirli haqda ən gözəl yazını, məncə, Tanrı özü yazıb. Bu zirvəni Tanrı öz qüdrətindən yaradıb və onu bəd nəzərdən hifz edib və bu günə gətirib çatdırıb. Allah bu xoşbəxt bəndəsinə taxt-tac da verib, bəxt də verib, ömür də. Bizə o qalır ki, deyək: - Allah sevəni sən də sev!
Sumqayıt ş.,
14 avqust 2019-cu il.