Nizami GÖYDƏRƏLİ : - ŞEİRLƏR

Nizami Göydərəli 80-ci illər ədəbi nəslinə aid olan istedadlı qələm sahiblərindəndir. Ədəbiyyata “Durna harayı” kitabı ilə ayaq açan şair qələmini müxtəlif ədəbi janrlarda sınaqdan keçirmiş, yaratdığı əsərlərlə geniş oxucu kütləsinin qəlbinə yol tapa bilmişdir. Yaxın vaxtlarda şairin ədəbiyyatdakı xidmətləri qiymətləndirilərək “Prezident mükafatı”na laiq görülmüşdür.
İstedadlı qələm sahibi Nizami Göydərəlini təbrik edir, ona yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzu edirik.
ŞAİR ÖMRÜ
Şah deyiləm başına tac qoyum mən,
Öz ömrümün sirlərini deyim mən.
Qoy indidən günahımı yuyum mən,
Deməsinlər şair ömrü hədərdir.
Bu sevgidən gəl indidə sən əl çək,
Yağış yağar od-alovun sönəcək.
Gülüm, bir gün üzün məndən dönəcək,
Şairlərin var-dövləti kədərdi.
Var-dövlət toplamaq gəlmir əlimdən,
Min sətir asılıb şair dilimdən.
Vətəni-torpağı çox sevdiyimdən,
Hər addımım təbiətə səfərdi.
Üzüm gülür, xəbərin yox ağrımdan,
Od püskürür, dərd tökülür bağrımdan.
Yorulanda güc alıram Tanrımdan,
Düşünməyin bu şairlər əfəldi.
2023
ÖMÜR HEKAYƏSİ
Ömrümü-günümü külə döndərdin,
40 il, 50 ildi yanıb sönmürəm.
Bir yolluq alışıb yana bilmirəm,
Bütün ömrüm boyu tüstülənmişəm.
Sevgin sağalmayan bir xəstəlikdi,
Təbibi, dərmanı yox imiş sənsiz.
Sənsiz yaşadığım bu ömrün, günün,
Hər anı qəlbimdə ox imiş sənsiz.
Yandım için-için bir ömür boyu,
Dərdimi kimsəyə deyə bilmədim.
Tanrı bu ömürü veribsə mənə,
Səni niyə verib, niyə, bilmədim.
Gecə yuxumdasan, gündüz önümdə,
Əzrayıl da səndən səxavətlidir.
O bir yol can alır, üzülür səndən,
Sən isə əl çəkib getmirsən məndən.
DÜŞDÜ
Ağrıya- ağrıya gəzirəm indi,
O uçduğum vaxtlar yadıma düşdü.
Uşaqlıq, cavanlıq necə gözəlmiş,
Qocalıq fırlanıb adıma düşdü.
Sanmazdım qocalıq belə çətinmiş,
Ömür cavanlığın məhəbbətiymiş.
Bu köntöy qanunlar təbiətinmiş,
Sevdiyim təbiət başıma düşdü.
Boylandım ömrümdən ötən illərə,
Qoxladığım çiçəklərə, güllərə.
Bir sonsuz ümüdlə baxdım göylərə,
Ordan bir ölmüş quş başıma düşdü.
BU DÜNYANIN SEVGİLƏRİ
Bu dünyanın sevgiləri əbədi,
Hər bəndənin sevgisi var, yarı var.
Heç kim öyünməsin öz sevgisiylə,
Hər ürəyin baharı var, qarı var.
Qarışqa, kəpənək, ilan da sevir,
Ağıllı da sevir, dəli də sevir.
Eşqin də özünün qanunları var,
Şairlər sevəndə dəli tək sevir...
İŞIQ
Açılır səhərin gözü, İlahi,
Dünya başdan-başa işıqlı olur.
Açılır səhərin gözü, İlahi,
Səhər gözəl olur, yaraşıq olur.
Açılır gözləri dağın, daşın da,
Güllər, çiçəklər də açır gözünü.
Açılır gözləri uçan quşun da,
Adam səmalarda görür özünü.
Oyanır bu dünya günəş gözüylə,
İşıq hər tərəfi sahmana salır.
Öyünür bu işıq özü- özüylə,
Qaranlıq gecəsə arxada qalır.
Elə bil zindandan buraxılıblar,
Hər şey hərəkətdə, qaçhaqaçdadı.
Kimi suya qaçır, kimi çörəyə,
Çiçəklər də doğur, açhaaçdadı.
Olaq bu dünyanın duası kimi,
Hər səhər yenidən doğan dünyada.
Qaranlıq dünyanın bəlası kimi,
Gün sonu haqlıyı boğan dünyada.
Nə yaxşı səhər var, nə yaxşı işıq,
Uçuruq işığın qanadlarında.
Tanrı da işıqdı göyə yaraşıq,
Çatır dadımıza imdad duada.
Kimsəsiz deyilik bu yad əlində,
Bizim sahibimiz, Allahımız var.
İtib yox olmuşuq qaranlıqlarda,
Bizim işıq adlı salamımız var.
09.04.2022
YIXILDIM
Vaxtında dilimə qıfıl vurmadım,
Öz sözümdən, öz dilimdən yıxıldım.
Düşmənimə sinə gərdim, vuruşdum,
Yıxılanda öz elimdən yıxıldım.
Düşmədi ömrümə sevgi ayağı,
Oldu xatirələr könül dayağım.
Sevdim iki dəfə Məcnunsayağı,
Tikandan yox, öz gülümdən yıxıldım.
ƏZİZLƏ
Mən gedirəm, bəlkə səni görmədim,
Gəl ömrümdən niskilimi əzizlə.
Xoş məqamlar bizə qismət deyilmiş,
Sənsiz keçən pis günümü əzizlə.
Baxsan durnaların köçünə baxsan,
Bir qərib durnanın içinə baxsan.
Gözümün yaşı tək əriyib axsan,
İtib-batan bu ünümü əzizlə.
Bu dünyada aylar da var, həftə də,
Yol gözləmə, dur qapını cəftələ.
Gözün yolda, bişirdiyin küftədə,
Çatmadığın toy-düyünü əzizlə.
Aramızda sərhədlər var dağ kimi,
Ümüdlər də əriyibdi yağ kimi.
Yaşayırıq ölü kimi, sağ kimi,
Sönüb qalmış boz külünü əzizlə.
YAXŞI Kİ, NƏVƏLƏR VARMIŞ
Atam çoxdan köçüb qoca dünyadan,
Anam öldü, üz qoymağa yerim yox.
Heç bilmirəm indi kimə sığınım,
Bacı-qardaş, övlad-uşaq, qohum çox,
Durub gedib dünənimə sığınım.
Nə olsun ki, yaşlanmışam, babayam,
El-obada ağsaqqalam, ağayam.
Bəzən tükənirəm, sanki çağayam,
Bir işarə, bircə himə sığınım.
İnsanlığın əvvəli bu, sonu bu,
Qocalanda yaşamağın yönü bu.
Zildən düşən səs-sədası, ünü bu,
Yaxşısı bu öz içimə sığınım.
Qardaş naxələfsə, dost vəfasızsa,
Canından keçdiyin canını yaxsa.
Qəlbimdən beynimə qara qan axsa,
Qəlbimdəki sarı simə sığınım.
Atasız, anasız dünya məzarmış,
Adam öz-özünə quyu qazarmış.
Yaxşı ki dünyada nəvələr varmış,
İndi bildim hansı tinə sığınım.
ADAMLAR
Niyə durna kimi uçub getdiniz,
Darıxanda zəng vurduğum adamlar.
Məni öldürdünüz, bədbəxt etdiniz,
Darıxanda zəng vurduğum adamlar.
Sizdən umacağım bir quru sözdü,
Bu şair ürəyim nələrə dözdü?!
Siz yoxsuz, dünyadan əlimi üzdüm,
Darıxanda zəng vurduğum adamlar.
Atmadınız zalımlığın daşını,
Axıtdınız gözlərimin yaşını.
Yerə əydiz Nizaminin başını,
Darıxanda zəng vurduğum adamlar.
Başınıza daş düşəydi mənim tək,
Gözünüzə yaş düşəydi mənim tək.
Qapınıza qış düşəydi mənim tək,
Darıxanda zəng vurduğum adamlar.
Gedin, gedişiniz sonuncu olsun,
Ayaq izləriniz xəzəllə dolsun.
Mənim ümidlərim qurusun, solsun,
Darıxanda zəng vurduğum adamlar.
Niyə durna kimi uçub getdiniz,
Darıxanda zəng vurduğum adamlar.
Məni öldürdünüz, bədbəxt etdiniz,
Darıxanda zəng vurduğum adamlar.
SORUŞARSINIZ
Bir də qayıtmasam bu yerə, bir də,
Məni o yollardan soruşarsınız.
Bir də qayıtmasam dünyaya, birdə,
Onda buludlardan soruşarsınız.
İsti küləklərdən soruşarsınız,
Göydə mələklərdən soruşarsınız.
Bir də fələklərdən soruşarsınız,
Soruşarsınız...
Soruşarsınız...
Bir şair də vardı Nizami adlı...
OLAYDI
Kaş indiki ağlım, indiki fikrim,
Cavankən sürdüyüm yaşda olaydı.
Sevgi-məhəbbətim ürəkdə deyil,
O da ki, ağlımda, başda olaydı.
Ömür sürməmişəm mənasız heç də,
Xoşbəxtlik lazımdı, olsa da quşda.
Milyon istəmirəm 65-də,
Boş cibimlə 15 yaşda olaydım.