Ələsgər Əlioğlu - ETİRAF NOTLARI
(Arxiv şeirlərindən)
O eşqin yolunu yadırğamaram,
Arxanca tənəli söz yağdırmaram...
Nə qədər olsa da yenə yarağam,
Sənin ünvanına, sənin adına.
Fürsəti əlimdən buraxmağımla,
Bahar yarpaq-yarpaq köçüb bağımdan...
Sənə toxunmayıb bir barmağım da,
Ölümdən betərdir ləkə qadına...
Qolundan tutanla get yanaşı gəz,
Daha ümidimin kəndirini kəs...
Oduna alışıb yandığın o kəs,
Kaş ömürlük yansın sənin oduna.
Ağlımın səsini dinləməliyəm,
Arxanca xoşbəxtlik diləməliyəm.
İstəyimi daşa dirəməliyəm,
Bir daha salmasın səni yadına...
1978