Ismayil Imanzadə - SÖZ

Ədəbiyyat 11:55 / 12.05.2026 Baxış sayı: 279

 

Avazıdır ötüb keçən hər anın,

Heç vaxt gizli saxlamayıb ünvanın.

Qobustanda daş köynəkli dastanın

Mürgüləyən yaddaşında sirdi, söz.

 

Sədasıymış torpağın da, daşın da,

Şəhiddi, qazidi yurd savaşında...

Saxlamışam ürəyimin başında,

Dəyərlidir sərraf olan yerdə söz.

 

Hər şah beyti çiçək kimi təzə-tər,

Sal daşın üstə də "bəsləsən" bitər...

Öz qınına tez çəkilər qəm-kədər,

Məlhəm kimi yaxılanda dərdə söz.

 

Halallığı açıq alnım, ağ üzüm,

Hər misrası göz oxşayan bir düzüm...

Nə yaxşı ki yaddaşında var izim,

Həmdəmimdi qələm-kağız, bir də söz...

25.04.2024