Sevil Azadqızı -  AKASİYA ƏTRİ BÜRÜYÜB HƏR TƏRƏFİ

YAZARLAR 09:55 / 12.05.2026 Baxış sayı: 310

 

Budaqların arasından süzülən günəş şüaları ağappaq çiçəklərə toxunur.

Küçə boyu uzanan o tanış qoxu yenə ruhumu bürüyür.

Akasiya ətri bürüyüb hər tərəfi,

Yenə canlandırır o müqəddəs xatirələri.

Hər may ayında zamanın çarxı geriyə fırlanır.

Mən yenidən o kiçik, qayğısız uşağa çevrilirəm.

Dünyanı ən uca zirvədən – atamın çiyinlərindən seyr etdiyim o günlərə dönürəm.

Uşaq idim.

Əllərim o uca budaqlara çatmırdı.

Sən məni boynuna alardın, Atam.

Birdən-birə dünyanın ən boylu, ən güclü insanı olardım.

Yuxarı uzanan kiçik barmaqlarım o incə akasiya salxımına toxunardı.

Mən çiçəyi dərərdim, sən isə aşağıda fərəhlə gülümsəyərdin.

O təbəssüm...

Həyatın bütün fəlsəfəsi, sevinci və mənası elə o bircə anın içində gizlənmişdi.

Mən çiçək dərirdim, sən isə mənə xoşbəxtliyin özünü bəxş edirdin.

Akasiya ətri bürüyüb hər tərəfi,

Gözümdə canlanır atamın surəti, şərəfi.

O uca çiyinlər, o pak təbəssüm,

İndi xəyallarda tapır rəngi, vəsfı.

Zaman necə də amansız bir axındır.

Səni itirməyimin üzərindən neçə illər keçdi, Atam.

Amma yoxluğun sadəcə bir cisim ayrılığıdır.

Çünki hər bahar akasiyalar çiçək açanda, sən yenidən qayıdırsan.

Bu bəyaz çiçəklər sanki sənin mənə buraxdığın gizli məktublardır.

Ətrafa yayılan hər zərrə qoxu sənin ruhunun nəfəsidir.

Təbiət hər il səni mənə xatırlatmaq üçün bu ağacları bəzəyir.

İndi mən təkbaşına o ağacın altında dayanmışam.

Boynumda sənin çiyinlərinin istisi, qəlbimdə isə sönməyən həsrətin var.

Gözlərimi yumuram və sənə pıçıldayıram.

Ruhuna minnətdaram, Atam.

Mənə sevməyi, güvənməyi və dünyada dik durmağı öyrətdiyin üçün təşəkkür edirəm.

Məni o uca budaqlara qaldıran o əllərinə, o fədakar ömrünə min kərə şükür.

Sən cismən yoxsan, amma sən hər an mənimləsən.

Akasiya ətri bürüyüb hər tərəfi,

Ruhumun sənədir sonsuz təşəkkürü, tərifi.

Sən mənə bəxş etdin ən uca hissi,

Cənnət qoxuludur Atamlı xatirələrim...

 

12.05.2026