Şakir Xanhüseynli - ÇİNARIN, QOVAĞIN KÜL KÖLGƏSİ
Ədəbiyyat
14:51 / 12.05.2026
Baxış sayı: 172
Hər şey sanasan yanıb,
bir ovuc kül topasıdı bu boyda yer üzü
lili, durusuyla,
yaşı, qurusuyla...
Yüz qatlı göydələnlər,
dəmir çardaqlar,
polad dayaqlar,
beton "ayaqlar" kül topasıymış, kül,
başı buluda dəyən
dağlar kül topasıymış...
Gecələr də ulduzların, ayın işığı deyil,
külü səpilir üstümüzə, bil...
Döyünür, döyünür
ürəyimiz kül,
gəlir süfrəyə çörəyimiz
kül kömbəsi.
çinarın, qovağın kölgəsinə bax,
kül kölgəsidi, kül kölgəsi.