Könül Nuriyeva -- Ölüm isə çox yaxındadır..
·İnsanlar ayrılırlar, kobudluq edilər, bir-birinin paxıllığını çəkirlər, xəbərçilik edirlər və bilmirlər ki, sabaha sağ çıxa bilməzlər, sabah adamın ürəyi dayanar, adamın dərddən, xiffətdən ürəyi partlaya bilər. Ölüm zəhrimar da gələndə sənin gözəlliyinə, ağlına baxmayacaq. Sənin etdiyin yaxşı işlərə də baxmayacaq. Qəlbinin hələ işıqlı dünyaya aid olması da onun vecinə olmayacaq. Oxumadığın kitabların olduğuna fikir verməyəcək. Heç qoymayacaq ki, yarımçıq məktubunu tamamlayasan.
İnsanlar boş şeylərin üstündə küsürlər, bir-birinə diqqətsizlik edirlər, bir-birini ittiham edirlər, danlayır və bilmirlər ki, ömür çox qısadır, gözlə-qaşın arasındadır.
İnsanlar sevginin, günəşin, dəcəllik etməyin, dənizdə su-su oynamağın, qumluqda addımlamağın, küçələri tullanaraq qaçmağın, birlikdə şənlənməyin, gülməyin, zarafatlar etməyin, birlikdə çox vaxt keçirməyin nə demək olduğunun fərqində olmadan, çox həvəslə "mənim vaxtım yoxdur" deyirlər. Əslində hamının vaxtı var, heç kim söylədiyi qədər məşğul deyil. Onlar uzun yaşayacaqlarına ümid edib, gözəl nəsnələri unudurlar.
Bu dünyada birlikdə tamaşaya getməyin, film izləməyin, birlikdə sərgilərə getməyin, bayramları birlikdə xüsusi keçirməyin, bir-birini sevindirmək üçün xırda, qəlbə toxunan hədiyyələr almağın gözəl olduğunu unudurlar, unudublar.
Gün bitdi, sabah yenisi gələcək və biz gözəl yaşamaq əlində ola-ola yaşamadığını fərq etməyənlərlə birlikdə olduğunuz üçün 1-0 uduzanlardan olacağıq.
İnsanlar asanlıqla çox qaba və kobud ola bilirlər, səni ağlada, ürəyini qıra bilirlər. Sən də onlara bildirməyib, həssaslığını tək yaşaya bilirsən. Ölüb-dirilib, sözləri udub birtəhər yaşayırsan. Gecələri pəncərələrdən günəşi soruşa-soruşa
Səhərləri sübhdən "anamı gətirdiniz?" sualını verə-verə...
Bir də ki torpağı, dənizi, günəşi, ağacları incidənlər sənə nə baxır ki?!
Ölüm isə çox yaxındadır..